İran Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub

Maliyyə
  • 13 yanvar, 2020
  • 12:56
İran Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub

İran Milli Bankının Bakı filialı 2019-cu ili 16,557 milyon manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2018-ci ildən 2,14 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il İran bankının gəlirləri 3,703 milyon manat (illik müqayisədə 7,4% çox), xərcləri 1,952 milyon manat (7,6% çox), xüsusi ehtiyatlara ayırmaları 18,293 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 14 min manat (7,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə İran bankının aktivləri 98,719 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 4,185 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bakı filialının kredit portfeli 17% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 8,4% artaraq 62,124 milyon manata, o cümlədən depozit portfeli 41,2% artaraq 11,498 milyon manata çatıb, balans kapitalı isə 31,1% azalaraq 36,594 milyon manata düşüb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. 

44 filmi