Dünya iqtisadiyyatı cari ildə 3 faiz azalacaq, gələn il isə 5,8 faiz artacaq.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) “World Economic Outlook” (WEO) hesabatının aprel buraxılışında bildirilir.
Bu proqnoz koronavirus pandemiyasının cari ilin ikinci yarısında səngiyəcəyi və xəstəliyə qarşı tədbirlərə tədricən xitam veriləcəyi, daha sonra da siyasi hakimiyyətlərin də dəstəyi ilə iqtisadi fəaliyyətlərin bərpa ediləcəyi ehtimalına söykənir.
Bununla yanaşı, pandemiyanın iqtisadi fəsadları, pandemiyanın inkişaf yönü, ona qarşı tədbirlərin nə qədər intensiv və səmərəli olması, tədarük pozuntularının miqyası, maliyyə bazarındakı şərtlərin pisləşməsi, insanların davranışındakı dəyişikliklər kimi bir çox amillər üzündən əvvəlcədən təyin etməyin müşkül olduğunu qeyd edən hesabat müəllifləri dünya iqtisadi artımı ilə bağlı qeyri-müəyyənliyi də diqqətə çatdırıblar.
Sənədə görə, ABŞ-da bu il 5,9 faizlik tənəzzüldən sonra gələn il 4,7 faizlik artıma, avro məkanında isə 7,5 fazilik tənəzzül və 4,7 faizlik artıma qarşı Çində tənəzzül güman olunmur. Yəni bu ölkədə cari ildə 1,2 faizlik, gələn il 9,2 faizlik artım gözlənilir.
İMF-in baş iqtisadçısı Gita Qopinath əslində iqtisadi artımın hesabatda göstərilənlərə nisbətən daha əlverişsiz göstəricilərinin də ehtimalının xeyli yüksək olduğu qənaətindədir. Ekspertin fikrincə, belə variant pandemiyanın daha da uzanacağı halında inkişaf edən ölkələrin daha ciddi fəsadlarla üzləşəcəkləri təqdirdə ortaya çıxacaq.
İMF-in baş iqtisadçısı da koronavirus nəticəsində baş verən iqtisadi böhranın 30-cu illərdəki Böyük Tənəzzüldən sonrakı dövrün ən ciddisi olacağını dilə gətirib.