Bakı. 18 fevral. REPORT.AZ/
“Report” quruma istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
- Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına dair;
- Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın təşkili vəziyyətinə dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Kollegiya iclasında, eyni zamanda Hesablama Palatasının nəzarət fəaliyyətini gücləndirilməsi məqsədilə bu fəaliyyətin metodoloji əsasların təklmilləşdirilməsi istiqamətində hazırlanan “Uyğunluq auditinə dair Təlimat”ın müzakirəsi keçirilib.
“Uyğunluq auditinə dair Təlimat” “Hesablama Palatası haqqında” qanunun tələblərinə əsasən, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən dərc edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) 1 (Lima Bəyanaməsi), 130 (Etika Məcəlləsi), 100 (Dövlət sektorunda auditin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl prinsipləri), 4000 (Uyğunluq auditi standartı) və Beynəlxalq Audit Standartların ümumi prinsiplərinə uyğun hazırlanıb.
Təlimat qanunvericiliklə Hesablama Palatasına (bundan sonra Palata) həvalə edilmiş vəzifə və hüquqlar daxilində kənar dövlət maliyyə nəzarəti üzrə uyğunluq auditinin təşkili və keçirilməsini tənzimləyir, Palata tərəfindən aparılan uyğunluq auditinin planlaşdırılması, aparılması və yekun sənədlərin tərtibi üzrə vahid tələbləri müəyyən edir.
“Uyğunluq auditinə dair Təlimat” geniş müzakirə olunaraq təsdiq edilib.