2021-ci ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 1 009,7 milyon manatlıq təhrif aşkar edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənəddə deyilir ki, maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar. 1-ci qrupa maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər, 2-ci qrupa isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid edilib.
Təhrif məbləği 1-ci qrup üzrə 869,8 mln manat, 2-ci qrup üzrə isə 139,9 mln manat təşkil edib.
Maliyyə hesabatlılığı və mühasibat uçotu üzrə yol verilmiş əhəmiyyətli təhriflərin əsas istiqamətlərinə başa çatdırılmamış tikintilərin dəyərinin maliyyə hesabatlarında əks etdirilməməsi, qeyri-maddi aktivlərin (informasiya sistemlərinin) dəyərinin uçota alınmayaraq birbaşa xərclər kimi silinməsi, kapital qoyuluşlarının hesabatlarda tanınmaması, dövlət əmlakının, istismara qəbul edilmiş obyektin hesabatlarda əks etdirilməməsi, əsaslı təmir xərclərinin əsas vəsaitlərin dəyərinə əlavə edilməməsi daxildir.