Hesablama Palatası və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olan IFAC-ın prezidenti xanım Asma Resmouki ilə görüş keçirib. Görüş zamanı xanım Resmouki Federasiyanın əsas strateji məqsədləri barədə məlumat verməklə təmsil etdiyi qurumun yüksək keyfiyyətli standartların yaradılması və təkmilləşdirilməsi, uçot və hesabatlılığın təşviqi, müvafiq tədqiqatlar aparılması, məqalələrin hazırlanması sahəsində gördüyü işlərdən bəhs edib.
V.Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlar və dövlət sektorunda hesabatlılığın gücləndirilməsində ali audit orqanının rolu barədə məlumat verib. Sədr bildirib ki, mühasibat uçotu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, peşəkar potensialın gücləndirilməsi istiqamətində fəaliyyət aparılan islahatların uğurlu olmasına təkan verə bilər.
Görüşdə peşəkar kadr potensialının gücləndirilməsi üçün təlim vasitəsilə Palatanın əməkdaşlarının beynəlxalq və milli sertifikatlara yiyələnməsindən, habelə son 2 ildə təhsil müəssisələrinin maliyyə və mühasibat ixtisası üzrə tələbələri üçün praktik təlimlərin təşkilindən və həmin proqramın nəticələrindən də bəhs edilib.
Daha sonra Palatanın maliyyə auditlərində müəyyən olunmuş məsələlərdən irəli gələrək qeyri-kommersiya sektoru üzrə beynəlxalq standartların təkmilləşdirilməsi, habelə dövlət sektorunda konsolidasiya prosesinə dair müzakirələr aparılıb və təkliflər səsləndirilib. Eyni zamanda, xanım Resmoukinin COP29 çərçivəsində ali audit orqanının gördüyü işlərə dair ünvanlandığı suala cavab olaraq qeyd olunub ki, hazırda “İqlim Skaneri” aləti vasitəsilə bu təşəbbüsə qoşulan 127 ölkənin ali audit orqanı, o cümlədən Palata iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumətin gördüyü işlərin, o cümlədən milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrasını qiymətləndirir, onun gedişatı və əldə olunmuş ilkin nəticələr aidiyyəti dövlət orqanları ilə müzakirə olunur. Dünya üzrə “İqlim Skaneri” aləti vasitəsilə aparılan qiymətləndirmənin qlobal (icmallaşdırılmış) nəticələrinin ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) açıqlanması nəzərdə tutulur.