Ötən il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin aylar üzrə proqnoz və faktiki icra göstəriciləri arasında fərqlər müşahidə edilib, proqnozlara qarşı gəlirlər 7 ay üzrə artıqlaması ilə, 5 ay üzrə kəsirlə icra edilib, mart ayında neftin qiymətində kəskin dəyişikliklərin izlənməsi büdcənin aylıq icra parametrlərinə əhəmiyyətli təsir edib.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
“Hesabat ilində neftin qiymətində müşahidə olunan tərəddüdlər gəlirlərin proqnoz və faktiki icra göstəricilərində kənarlaşmaların böyüməsi ilə nəticələnib.
İcranın proqnozu ən çox üstələdiyi göstərici 2332,9 milyon manat olmaqla mart ayında müşahidə edilmişdir. Belə ki, mart ayı üçün dövlət büdcəsi gəlirlərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 7,7% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 9,7 faiz bəndi çox olmaqla 17,4% təşkil edib. Artıq icra məbləğinin 98,0%-i DNF-dən olan transferlərin payına düşüb. Belə ki, mart ayında dünya bazarında xam neftin qiymətinin kəskin ucuzlaşması fonunda valyuta bazarında xarici valyutaya olan tələbin əhəmiyyətli artması ay ərzində keçirilmiş valyuta hərraclarında Dövlət Neft Fondunun (ARDNF) 1 928,3 milyon ABŞ dolları satmasını labüd edib.
İcranın proqnozdan ən çox aşağı olduğu göstərici 968,1 milyon manat təşkil etməklə may ayında müşahidə edilib. Belə ki, may ayı üçün dövlət büdcəsi gəlirlərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 8,0% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,0 faiz bəndi az olmaqla 4% təşkil edib.
2020-ci ildə xərclərin aylar üzrə təsdiq edilmiş göstəriciləri və faktiki icra məbləğləri arasında fərqlər müşahidə edilib, həm nisbi, həm də mütləq göstəricilər üzrə ən böyük fərqlər noyabr və dekabr ayları üzrə olub, əvvəlki illərdə olduğu kimi, IV rübdə icra edilmiş xərclərin xüsusi çəkisi daha böyük olaraq qalıb.
Hesabat ilində xərclərin yanvar, iyun və dekabr aylarında icra göstəriciləri aylar üzrə müəyyən edilmiş proqnozu üstələyib, digər aylarda isə proqnozdan az olub.
İcranın proqnozdan ən çox aşağı olduğu göstərici 1342,4 milyon manat təşkil etməklə noyabr ayında müşahidə edilib. Belə ki, noyabr ayı üçün dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 10,1% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,9 faiz bəndi az olmaqla 5,2% təşkil edib.
İcranın proqnozu ən çox üstələdiyi göstərici 1223,3 milyon manat olmaqla dekabr ayında müşahidə edilib. Belə ki, dekabr ayı üçün dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 11% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,5 faiz bəndi çox olmaqla 15,5% təşkil edib.
2020-ci ildə icra edilmiş xərclərin 29,4%-i (2019-cu ildə 31,7%-i) ilin son rübündə icra edilib. Həmin məbləğin də 54,7%-i (2019-cu ildə 55,0%-i) dekabr ayının payına düşüb. Məlumatların təhlili göstərir ki, ilk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2 014,8 milyon manat təşkil etməsinə baxmayaraq, dekabr ayında xərclər müvafiq göstəricidən 2,1 dəfə çox olub. Belə ki, dekabr ayında xərc edilən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1%-ni (2019-cu ildə 17,4%-ni) təşkil edib. Xərclərin ilin sonunda icra edilməsi büdcə vəsaitlərinin akkreditiv, depozit və tapşırıq, bank hesablarına yönəldilməsinə şərait yaradır.
Hesabat ilinin ikinci yarısında dövlət büdcəsinin icra edilmiş məbləğləri ilin birinci yarısı ilə müqayisədə nisbətən çox olub, ilin 4 ayında gəlir xərcləri üstələsə də, digər 8 ayda əks meyl müşahidə edilib, dövlət büdcəsi balansının 2020-ci il üzrə proqnozlaşdırılmış və icra göstəriciləri arasında fərqlər izlənilib.
2020-ci ildə ümumi büdcə gəlirlərinin və xərclərinin müvafiq olaraq 48,7% və 44,4%-i ilin birinci yarısında, 51,3% və 55,6%-i isə ilin ikinci yarısında icra olunub. Dövlət büdcəsinin gəlir və xərclərinin aylar üzrə icrasının aylıq hesabatlarına əsasən təhlil göstərir ki, yanvar, mart, oktyabr və noyabr aylarında gəlirlər xərclərdən daha çox olub, digər aylarda isə əks meyl müşahidə edilib.
Hesabat ilində ən böyük profisit 2 273,4 milyon manat olmaqla mart ayında, ən böyük defisit isə 1 812,9 milyon manat olmaqla dekabr ayında müşahidə edilib.
Dövlət büdcəsində ilin ilk yarısı üzrə proqnozlaşdırılmış 58,8 milyon manat profisitə qarşı 292 milyon manat profisit əldə edilib, ilin ikinci yarısında isə proqnozlaşdırılmış 3 427 milyon manat məbləğində kəsirə qarşı 2 026,6 milyon manat kəsir yaranıb. Beləliklə də, 2020-ci ilin sonuna dövlət büdcəsinin kəsiri proqnozlaşdırılmış 3 368,2 milyon manata qarşı 1 734,6 milyon manat təşkil edərək faktiki büdcə kəsiri proqnozlaşdırılmış göstəricidən 1,9 dəfə az olub.
Hesabat ilinin bəzi aylarında dövlət büdcəsinin balansı üzrə proqnoz və icra göstəricilərinin həmin aylar üzrə kəsirin maliyyələşmə mənbələrindən daxilolma məbləğləri arasında müəyyən uyğunsuzluqlar mövcud olub, Hesablama Palatası büdcə vəsaitlərinin idarəedilməsi ilə bağlı maliyyə planlaşmasının düzgün tərtib edilməməsinin nəzərdə tutulmuş büdcə xərclərindən artıq vəsaitin cəlb edilməsinə, əhəmiyyətli profisit olduğu təqdirdə əlavə borclanmaya gedilməsinə şərait yaratdığı, həmçinin əlavə borclanma üzrə faiz xərclərinin artımına təsirsiz ötüşmədiyi qənaətindədir.
Təqdim edilmiş məlumatların təhlili göstərir ki, yanvar ayında 816,1 milyon manat və aprel ayında 176,1 milyon manat profisitin nəzərdə tutulmasına baxmayaraq, müvafiq aylar üzrə kəsirin maliyyələşdirilməsi üzrə müvafiq olaraq 22,5 milyon manat və 65,3 milyon manat vəsaitin daxilolması da proqnozlaşdırılıb. Müvafiq daxilolma məbləğinin əhəmiyyətli hissəsi xaricdən cəlb edilmiş kreditlər üzrə nəzərdə tutulub.
Bununla yanaşı, dövlət büdcəsinin balansı üzrə artan yekunla hesablanan proqnoz göstəricilərinin müvafiq daxilolma məbləğləri üzrə proqnoz göstəricisi ilə müqayisəsi daha kəskin uyğunsuzluqların mövcud olduğunu göstərir. Belə ki, fevral ayının sonuna dövlət büdcəsində nəzərdə tutulan 626,6 milyon manat profisitə qarşı kəsirin maliyyələşmə mənbələri üzrə daxilolma məbləği 193 milyon manat proqnozlaşdırılıb ki, bu daxilolmaların da 130,0 milyon manatı daxili borclanmadan daxilolmaların payına düşüb. Müvafiq meyl növbəti aylar üzrə xarakterik olub, yanvar-iyun ayları üzrə proqnozlaşdırılmış profisitə qarşı kəsirin maliyyələşmə mənbələrindən də daxilolma nəzərdə tutulub.
Proqnozlarla bağlı qeyd edilən uyğunsuzluqlar icra göstəriciləri üzrə də xarakterik olub. Belə ki, dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlili göstərir ki, dövlət büdcəsində oktyabr ayında 162,9 milyon manat və noyabr ayında 593,0 milyon manat profisitin olmasına baxmayaraq, müvafiq aylar üzrə kəsirin maliyyələşdirilməsi üzrə müvafiq olaraq 37,1 milyon manat və 250,2 milyon manat vəsait də daxil olub.
Dövlət büdcəsinin balansı üzrə artan yekunla icra olunan göstəricilərin faktiki daxilolma məbləğləri ilə müqayisəsi isə daha kəskin uyğunsuzluqların mövcud olduğunu göstərir. Belə ki, noyabr ayının sonuna dövlət büdcəsində 78,3 milyon manata profisitə qarşı kəsirin maliyyələşmə mənbələri üzrə daxilolma məbləği 964,9 milyon manat təşkil edib ki, bu daxilolmaların da 287,3 milyon manatının daxili borclanmadan daxilolmalar üzrə olub.
Eyni zamanda, dövlət büdcəsinin icrasının aylıq və rüblük bölgüsünə nəzər saldıqda qeyd etmək olar ki, hesabat ilinin mart ayında büdcənin gəlirləri 4 197,8 milyon manat, kəsrin maliyyələşmə mənbələri üzrə - 4 483,5 min manat vəsait təşkil etdiyi halda, xərcləri isə 1 924,4 milyon manat təşkil etmişdir ki, nəticə etibarı ilə büdcədə 2273,3 milyon manat məbləğində profisit yaranıb və sərbəst qalıq məbləği 4803,1 milyon manat təşkil edib. Aparılmış təhlil zamanı müəyyən edilib ki, hesabat ilinin mart ayı üzrə büdcə gəlirlərinin 3 232,0 milyon manatı və yaxud 77%-i ARDNF-dən edilən transfer hesabına həyata keçirilib ki, bu isə həmin ay üzrə büdcə xərclərindən (1924,5 milyon manat) 1 307,5 milyon manat və yaxud 67,9% çox olub.
Təhlilin nəticələrindən də göründüyü kimi, hesabat dövründə müvafiq orqanlar tərəfindən kassa menecmenti üzrə işlər lazımi səviyyədə aparılmayıb. Belə ki, dövlət büdcəsinin gəlirlərini və kəsirin maliyyələşmə mənbələri üzrə mədaxili təmin edən orqanların hesabat ilinin ayları üzrə yığımlara dair verdikləri proqnozlar və il ərzində bu istiqamətdə apardığı işlər dövlət büdcəsinin həmin ayları üzrə xərclərin aparılması ilə bəzi hallarda tam koordinasiya olunmadan həyata keçirilib. Hesablama Palatası qeyd edilən vəziyyəti hal-hazırda ölkə qanunvericiliyində kassa menecmenti (cash management) anlayışının və bu mexanizmi tənzimləyən hüquqi müddəaların olmaması ilə əlaqələndirir.
2020-ci ildə icmal büdcənin gəlirləri 24 465,2 milyon manat olmaqla proqnozla müqayisədə 9,4% və yaxud 2 102,3 milyon manat çox, xərclər isə 29 160,1 milyon manat olmaqla proqnozla müqayisədə 3,8% və yaxud 1 148,2 milyon manat az təşkil edib. İcmal büdcə gəlirlərinin ÜDM-ə faiz nisbəti 33,8%-ə, icmal büdcə xərclərinin ÜDM-ə faiz nisbəti isə 40,3%-ə bərabər olub. İcmal büdcə kəsiri 4 694,9 milyon manat olmaqla ÜDM-ə faiz nisbəti 6,5% təşkil edib", - deyə rəydə qeyd olunub.