2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında ümumi daxili məhsulun (ÜDM) 3,1%-i səviyyəsində və yaxud təqribən 1,4 milyard ABŞ dolları məbləğində kəsir proqnozlaşdırılır.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.
Post-pandemiya dövründəneqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzindəxarici ticarət balansının mütəmadi artımı gözlənilir.