Bakı. 19 aprel. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. "Report" "The Guardian" qəzetinə istinadən xəbər verir ki, qərarın açıqlanması analitiklərin funt sterlinqin perspektivləri barədə müsbət qiymətləndirmənin yaranmasına gətirib çıxarıb.
Qəzetin yaydığı məlumata əsasən, Almaniya "Deutsche Bank"ının ekspertlərinin fikrincə, növbədənkənar seçkilər funt sterlinqin məzənnəsi üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, daha əvvəl Bankın funt sterlinqin perspektivləri barədə proznozları mənfi olub.
Britaniyanın "Brewin Dolphin" maliyyə planlaşdırılması və menecmenti şirkətinin Bazar araşdırmaları Depatamentinin rəhbəri Qay Foster (Guy Foster) hesab edir ki, "Brexit" sonrası funt sterlinqdə kəskin ucuzlaşma baş verib. Nəticədə, funtun ucuzlaşmasını gözləyənlərin öz valyuta mövqelərini dəyişəcəkləri gözlənilirdi.
Britaniyanın "Schroders" investisiya şirkətinin baş iqtisadçısı Keyt Veyd (Keith Wade) bildirib ki, Tereza Meyin seçkilərdə qalib gəlməsi ona yumşaq "Brexit"i həyata keçirməyə imkan verəcək. Bu da funt sterlinqin güclənməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, bu xəbər dünən funtun dollara qarşı məzənnəsinin 3,2% möhkəmlənərək 1,25 USD/GBP səviyyəsindən 1,29 USD/GBP-yə yüksəlməsinə səbəb olub. Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin manatla müqayisədə məzənnəsi 2,10 AZN/GBP-dən 2,17 AZN/GBP səviyyəsinə çatıb.