Bakı. 25 oktyabr. REPORT.AZ/ “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina Rusiyanın ən varlı qadını olub.
“Report” xəbər verir ki, o, “Forbes” jurnalının qənaətinə əsasən, Rusiyanın 25 ən varlı insanı reytinqində ilk yeri tutub. Qadının varidatı 1,2 mlrd. ABŞ dolları təşkil edir.
II yeri isə “Wildberries” internet mağazasının baş direktoru Tatyana Bakalçuk tutub. Onun sərvəti isə 600 mln. dollar olaraq qiymətləndirilir. Liderlərin ilk 3-lüyünü investor Yelena Rıbolovleva tamamlayıb. O, bu siyahıya Dmitri Rıbolovlev ilə nikaha son qoyması hesabına düşə bilib. Onun varidatının da 600 mln. dollar olduğu bildirilir.
“S7 Group” şirkətinin Direktor Şurasının sədri və həmsahibi Nataliya Fileva isə 600 mln. dollar sərvətlə 4-cü yeri tutub. “Proqres Kapital” şirkətinin Direktorlar Şurasının üzvü Olqa Belyavtseva isə 500 mln. dollar sərvətlə 5-ci olub.
Eyni məbləğdə - 500 mln. dollar sərvətlə 6-cı yeri “Çerkizov Qrup”un yaradıcısı İqor Babayevin həyat yoldaşı Lidiya Mixaylova tutub. 7-ci yerdə isə milyarder Arkadi Rotenberqin qızı Liliya qərarlaşıb. O da həmçinin 500 mln. dollar kapitala malikdir.
İlk onluğa onlardan başqa, 450 mln. dollar varidatla “Novateka” hüquq departamentinin rəhbəri, şirkətin İdarə heyətinin üzvü Tatyana Kuznetsova, 360 mln. dollar kapitalla “Fosaqro” şirkətinin səhm paketinə sahib olan Yevgeniya Quryeva və 350 mln. dollar sərvətə malik “Sodrujestvo” şirkətlər qrupunun həmsahibi Natalya Lutsenko daxil olublar.
Sentyabr ayında “Forbes” Rusiyanın ən varlı ailələrinin reytinqini tərtib edib. İkinci ildir ki, ardıcıl olaraq bu siyahıya Mixail Qutseriyevin ailəsi başçılıq edir. Baxmayaraq ki, bir il ərzində onların sərvəti 9,91 mlrd. dollardan 4,97 mlrd. dollara qədər azalıb.
Bu siyahıda ikinci yerdə Rotenberqlər ailəsi möhkəmlənə biliblər. Onların sərvətlərinin dəyəri 4,85 mlrd. dollar qiymətləndirlir. 3-cü yeri Valentin Qapontsev və onun oğlu Denis tuturlar. Onların ümumi sərvətlərini nəşr 3,14 mlrd. dollar olaraq qiymətləndirib. İlk beşliyə həmçinin 2,48 mlrd. dollar sərvətlə Şaymiyev və 1,7 mlrd. dollar sərvətlə Raximkulov ailələri daxil ediliblər.