FES-in dekabrda faizləri artırması ehtimalı 78%-ə yüksəlib

Maliyyə
  • 03 noyabr, 2016
  • 15:28
FES-in dekabrda faizləri artırması ehtimalı 78%-ə yüksəlib

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 2-də keçirdiyi iclasdan sonra ictimaiyyətə açıqlamaları dekabrda qurumun növbəti iclasında uçot dərəcələrinin artma ehtimallarını 68%-dən 78%-ə yüksəldib.

"Report" "İnvesting.ru" saytına istinadən bildirir ki, maliyyə bazarlarının gözlədiyi kimi, dünənki iclasda faizləri artırmayaraq 0,25-0,50 diapazonunda saxlayan FES faizlərin artırılması üçün arqumentlərin getdikcə artdığını bildirib. Belə ki, ilin əvvəlindən inflyasiya bir qədər artaraq 2% hədəfinə yaxınlaşıb, yeni iş yerlərinin sayı kifayət qədər artıb. 

Xatırladaq ki, dünənki iclasda uçot dərəclərinin artırılmamasını analitiklər noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əsaslandırıblar. Onlara görə, dünənki iclasda hər hansi dəyişiklik siyasi nəticələr doğura bilərdi.

"Report"un analitik qrupu ABŞ prezident seçkilərinin nəticələrinin FES-in uçot dərəcələrin artırması prosesindən daha önəmli olduğunu bildirir. Belə ki, namizədlər kifayət qədər radikal iqtisadi dəyişikliklərin anonsunu veriblər. Lakin bir şey aydındır ki, namizədlərdən ikisi də uçot dərəcələrinin artırılmasının tərəfdarıdır.