Bakı. 22 oktyabr. REPORT.AZ/ Avropa Reytinq Agentliyi (ERA) Azərbaycanın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib.
“Report” xəbər verir ki, bu barədə ERA-nın yaydığı məlumatda bildirilir.
Qurum uzunmüddətli reytinqin proqnozunu isə “Stabil” olaraq təsdiqləyib. Başqa sözlə, agentlik qarşıdakı 12 ayda Azərbaycanın reytinqinin sabit olacağını proqnozlaşdırıb.
ERA-nın qiymətləndirməsinə görə, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 1,5%, gələn il isə 2,1% təşkil edəcək. Mütəxəssislər 2018-ci ildə nominal ÜDM-in həcmini 44,1 mlrd. ABŞ dolları, 2019-cu ildə isə 47,441 mlrd. dollar səviyyəsində proqnozlaşdırır.
Bu proqnozlar 2018-2019-cu illərdə neftin orta qiymətinin 60-70 dollar səviyyəsinə əsaslanaraq tərtib edilib. Agentlikdə hesab edirlər ki, bu qiymət neft sektorunda ümumi iqtisadi effektivliyin daha da yüksəlməsinə imkan verəcək. Agentliyin proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda neft hasilatı 39,8-40 mln. ton olacaq.
“İqtisadiyyatın artımına bu ilin yanvar-avqust aylarında qeyri-neft sənayesində 10%-lik böyümə dəstək verib. Xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Xarici valyutada ödəmə qabiliyyətinin daha da güclənəcəyi gözlənilir. Yanvar-avqust aylarında inflyasiya 2,7% təşkil edib, manatın məzənnəsinin sabitləşməsi milli valyutaya təzyiqin azalacağından xəbər verir”, - deyə məlumatda qeyd olunub.
Məlumatda o da bildirilir ki, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,9%, gələn il isə 5,7% təşkil edəcək.
Ümumiyyətlə agentliyin mütəxəssisləri hesab edir ki, iqtisadiyyatda islahatlar Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək.