“Embafinans” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 01 noyabr, 2022
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 4-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1,5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər Birjanın üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.