“Embafinans” mənfəətini 16 dəfə artırıb

Maliyyə
  • 10 iyul, 2017
  • 08:10
“Embafinans” mənfəətini 16 dəfə artırıb

Bakı. 10 iyul. REPORT.AZ/ “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 21,959 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,6% azdır.

“Embafinans”ın aktivlərinin 68,8%-ni və yaxud 15,102 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 6% kiçilib.

2016-cı ildə “Embafinans”ın cəmi öhdəlikləri 20,7% azalaraq 9,082 mln. manat, cəmi kapitalı isə 9,1% artaraq 12,877 mln. manat olub.

Ötən il BOKT-un faiz gəlirləri 4,693 mln. manat (əvvəlki ilə nisbətən 40,6% az), faiz xərcləri 936 min manat (52,3% az), qeyri-faiz gəlirləri 569 min manat (2015-ci ildə zərər olub), qeyri-faiz xərcləri isə 3,091 mln. manat (9,1% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun xalis əməliyyat mənfəəti 1,235 mln. manat olub ki, bu da illik müqayisədə 37,4% azdır.

2016-cı ildə “Embafinans” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması xərclərinə 97 min manat qənaət edib, 255 min manat isə mənfəət vergisi (2015-ci illə müqayisədə 4,8 dəfə çox) ödəyib. Bununla da, BOKT ötən ili 1,077 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 16,1 dəfə çoxdur.

Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır. BOKT-un təsisçiləri 60%-lik payla Elşad İnşalla oğlu Abbasov və 40%-lik payla Məşhur Şahbaz oğlu Məmmədovdur.