Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda dolların rəsmi məzənnəsinin 2 manat səviyyəsinə kimi kəskin artması ilə bağlı yayılan xəbərlər əsassızdır.
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxışında bildirib: "Bizim 40 mlrd. dollara yaxın vəsaitimiz var. Milli və daxili vəsaitdən də çoxdur. Bu, sabitlik komfortudur, manevr etmək üçün bu vəsait kifayətdir. Ona görə strateji ehtiyatlarla ehtiyatlı davranmalıyıq".
"Biz borca düşmüş dövlətlərin vəziyyətini görürük. Onlar dövlət müstəqilliklərini qoruya bilmir. Biz 3 ay bazardan valyuta aldıq. İyundan başlayaraq neft yenidən ucuzlaşaraq vəziyyəti kəskinləşdirdi. Deyirlər ki, vaxt itirdik. Bu, kənardan elə görünür. Lakin biz görürdük ki, manatın məzənnəsinin stabilləşməsi mümkün deyil. Ona görə də "üzən məzənnə"yə keçməyə məcbur olduq. İqtisadiyyatımız neftin qiymətlərinə uyğunlaşmalıdır. Neftin qiymətləri düşür, stabilləşməni bunun əsasında aparmalıyıq", - deyə AMB sədri qeyd edib.
"Bizə həmçinin Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə saxlamaq tapşırılıb. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır, dəyişən neft, ticarət tərəfdaşlarında devalvasiya məcbur edir ki, bunu nəzərə alaq. Bunu edirik və məsuliyyətini də dərk edirik. Buna reaksiya verməmək mümkün deyil", - deyə E.Rüstəmov əlavə edib.
Baş bankir bildirib ki, artıq 200-dən çox valyuta məntəqəsi ləğv olunub: "Bazara kifayət qədər valyuta veririk. Dünən hərracda təklif etdiyimiz valyutanın bir hissəsi hətta satılmayıb. Elektron hərrac vasitəsilə proses şəffaf həyata keçirilir. Vətəndaşları sakitliyə çağırıram. Bu gün ciddi təlaş yoxdur. Əsas məsələ iqtisadiyyatın 25-30 dollar/barel ətrafında stabilləşdirilməsi məsələsidir. Vergi, büdcə və gömrük sahələri bu siyasətə xidmət etməlidir".