Əli Əsədov: "Azərbaycanda inflyasiya təzyiqləri nisbətən məhdudlaşdırılıb"

Əli Əsədov: "Azərbaycanda inflyasiya təzyiqləri nisbətən məhdudlaşdırılıb" Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.
Maliyyə
17 Mart , 2023 11:38
Əli Əsədov: Azərbaycanda inflyasiya təzyiqləri nisbətən məhdudlaşdırılıb
Əli Əsədov

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib: “O cümlədən ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4 % olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.

Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib: "Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 %-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib.

Buna baxmayaraq yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb.

Cənab Prezidentin hökumətə verdiyi tapşırıqlardan irəli gələrək antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən müvafiq Tədbirlər Planı təsdiq edilib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərib".

Ə. Əsədov bildirib ki, təchizat zəncirinin pozulması, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, artan faiz dərəcələri səbəbindən maliyyə vəziyyətinin sərtləşməsi və Ukraynadakı müharibə qlobal qida sistemini görünməmiş şoka məruz qoyub: "Dünyanın aparıcı beynəlxalq təşkilatları və maliyyə institutları ötən ay birgə bəyanat yayaraq, qlobal ərzaq tədarükünün 2022-2023-cü il dövründə 3 ilin ən aşağı səviyyəsinə enəcəyi barədə xəbərdarlıq ediblər".

Baş nazir vurğulayıb ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub: "Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb.

Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı Qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib.

Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Bu, 2021-ci ildəki göstəricidən 18,8 % çoxdur".

Ə. Əsədov xatırladıb ki, Cənab Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat nəzərdə tutulub: "Hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69 %-i aqrar sektora yönəldilib".

Son xəbərlər

Orphus sistemi