Dünya təkrarsığorta bazarında qiymət artımı Azərbaycana necə təsir göstərəcək?

Maliyyə
  • 26 yanvar, 2022
  • 09:37
Dünya təkrarsığorta bazarında qiymət artımı Azərbaycana necə təsir göstərəcək?

Dünya təkrarsığorta bazarında ciddi qiymət artımı müşahidə olunmaqdadır. Əsas səbəblər kimi pandemiyanın hələ də davam etməsi və iqlim dəyişiklikləri göstərilir.

Bəs Azərbaycan təkrarsığorta bazarında bu özünü hansı səviyyədə göstərir?

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasov “Report”a Azərbaycan sığorta və təkrarsığorta bazarının dünya sığorta bazarının tərkib hissəsi olduğunu, ona görə də bir-biri ilə əlaqəliliyini bildirdi. Qiymət artımının səbəbinə gəlincə, o bunu təbii fəlakətlərlə əlaqələndirdi:

“2021-ci il dünya üçün 2009-cu ildən bu yana fəlakətli zərərlərin ən çox olduğu il hesab olunur. Adətən belə zərərlər modelləmə ilə müəyyən olunur. Sığorta şirkətləri həmin modelləmə əsasında özlərinə lazım olan şəkildə təkrarsığorta təminatı alırlar. Təkrarsığortaçılar da həmçinin modelləmə aparmaqla müəyyən dövrlər üzrə təkrarlanan fəlakət hallarının tarixini çıxara bilirlər. Məsələn, modelləşmə aparılır ki, 250 ildə bir dəfə baş verəcək dəhşətli zəlzələ sığorta bazarına nə qədər təsir edə bilər.

Bəzən iqtisadiyyatda gedən proseslər diqqətə alınsa da, modelləmə şirkətləri iqlimdə baş verən və ya verə biləcək dəyişiklikləri nəzərə almırlar.

Avropada İkinci dünya müharibəsindən sonra iki böyük qasırğa oldu ki, onlardan ən dəhşətlisi ötən il baş verən "Bernd" qasırğasıdır. Qasırğa nəticəsində Almaniya, Belçika, Niderland kimi ölkələr böyük ziyanla üzləşdilər. Təkrarsığorta bazarı təkcə bu fəlakət hadisəsinə görə 14 milyard avrodan çox ziyan ödəyəcək”.

V.Abbasov “AzRe Təkrarsığorta”nın qlobal təkrarsığorta şirkəti olaraq digər ölkələrlə əlaqəli çalışdıqlarını diqqətə çatdırdı:

“Avropada, Amerikada, Asiyada baş verən hadisələr birbaşa bizim portfelə də təsir göstərir. Eyni anda bütün ərazilərdə böyük hadisələrin baş vermə ehtimalı olduqca azdır. Məsələn, Avropada hadisə baş verən il Amerikada nisbətən sakit keçir. Belə olan halda diversifikasiya baş verir.

Qlobal təkrarsığorta şirkətləri ziyan gördükləri ölkələrdə qiymətləri qaldırmağa çalışırlar. Həmçinin, ziyan görməyən ölkələrdə də qiymətlərin nisbətən artımına müyəssər olurlar. Məsələn, elə yerlər olub ki, 20-50 % qiymət artımı olub. Zərər görməyən ərazilərdə isə qiymət artımı 10 %-ə qədər olur”.

Mütəxəssis Azərbaycanda bu sahədə elə də ciddi qiymət artımı olmadığını bildirdi:

“Konkret olaraq desək, Avropada bu il zərərlər çox olduğu üçün qiymət artımı 20 %-dən yuxarı olub. Azərbaycanda isə ciddi sığorta hadisəsi baş vermədiyi üçün təkrarsığorta şirkətlərinin ciddi qiymət artımı edəcəyini təxmin etmək olmaz.

Məsələnin digər tərəfi də var. Təkrarsığortaçıların da sayı məhduddur, həmçinin alternativ kapital təqdim edənlərin də sayı azdır. Təkrarsığorta şirkətləri öz kapitallarını hər hansı bir biznesə investisiya kimi yatırtmış olurlar. Onlar da çalışır ki, öz kapitallarını maksimum gəlir götürən sahəyə yatırtsınlar. Bu baxımdan nisbətən qiymət artımı edə bilərlər. Amma bizdə Azərbaycanda konkret fəlakət hadisəsi yaşanmadığı üçün belə ehtimalı güman etmirəm”.

44 filmi