Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti vəzifəsinə may ayının 1-dən isveçli Anna Byerde təyin olundu.
“Report” xəbər verir ki, bu vəzifədə 2014-2015-ci ildə artıq çalışmış A.Byerde sonradan DB-nin dünya boyu strategiyalarını, kredit və təhlil işlərinə rəhbərlik etmiş, sonra da Yaxın Şərq və Şimali Afrika regionu üzrə strategiya və əməliyyatlar direktoru vəzifələrində işləyib. Stokholm Universiteti biznes və iqtisadiyyat magistri dərəcəsinə sahib olan A.Byerde dünyanın müxtəlif bölgələrinin inkişafına dair 25 ildən artıq iş təcrübəsinə malikdir.
“Avropa və Mərkəzi Asiya regionu üzrə vise prezident vəzifəsində üzv ölkələrin hökumətlərilə yaxından təmas quraraq inkişafda yüksək nəticələrə nail olmaqda onlara kömək edəcəyəm. Amma yaxın gələcəkdə əsas diqqətimiz əhalinin sağlamlığı və iqtisadiyyat üçün COVID-19-un fəsadlarını aradan qaldırmağa yönələcək. Qısa müddət ərzində insanların həyatını və dolanışığını qorumaq üçün sürətli maliyyə və siyasi alətlər təqdim edirik”, – yeni vitse-prezident bildirib.
Qeyd edək ki, DB COVID-19-un fəsadlarını yumşaltmaq üçün Avropa və Mərkəzi Asiya ölkələrinə 1,4 milyard ABŞ dollarından çox vəsait yönəldib. Bu vəsait müvafiq avadanlıq və ləvazimat almaqla yanaşı, tibbi heyət hazırlatmaq, daha həssas əhali qruplarına sosial yardımlar göstərmək üçün də nəzərdə tutulur.