Bakı. 24 dekabr. REPORT.AZ/ Amerika fond indeskləri ötən həftənin cümə günü əhəmiyyətli azalma nümayiş etdirib.
“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dow Jones İndustrial Average və Nasdaq üçün həftəlik eniş 2008-ci ildən indiyədək qeydə alınan ən kəskin geriləmə olub. Bu indekslərdə müvafiq olaraq həftəlik 6,9% və 8,4% ucuzlaşma qeydə alınıb. "Standard & Poor's 500" isə beş seansda 7,1% geriləyib.
Qeyd edək ki, 21 dekabrda ticarətin nəticəsinə əsasən "Dow Jones Industrial Average" 1,81% və 414,23 bənd geriləyərək 22 445,37, "Standard & Poor's 500" isə 2,06% və ya 50,80 bənd geriləyərək 2 416,62, Nasdaq Composite 2,99% və ya 195,41 bənd geriləyərək 6 332,99 bənd olub.
Həmçinin cümə günü ABŞ səhm bazarında ticarətin həcmi 2011-ci ilin avqustundan etibarən ən maksimum həddə yüksəlib.
Qeyd edək ki, treyderlər artıq yeni il tətilinə hazırlaşır. Belə ki, dekabrın 25-də Amerika birjaları bağlı olacaq, bu gün isə məhdudiyyətlə işləyəcək.