Bakı. 3 fevral .REPORT.AZ/ ABŞ-ın əsas fond birjası indeksi olan "Dow-Jones" 2008-ci ilin maliyyə böhranından sonra ən sərt gündəlik və həftəlik enmə ilə üzləşib.
"Report" xəbər verir ki, fevralın ilk həftəsində "Dow-Jones" 1 095 bənd və ya 4,1%, dünən isə 666 bənd və ya 2,5% azalıb.
"S&P 500" indeksi dünən 2,1%, həftə ərzində 3,9%, "Nasdaq" indeksi isə dünən 2%, həftə ərzində 3,5% ucuzlaşıb.
"MarketWatch" araşdırma saytının məlumatına görə, bu, "Dow-Jones" indeksi üçün 2008-ci ilin maliyyə böhranı zamanı, 5-10 oktyabr həftəsində 1 874 bənd azalmadan sonra ən sərt satış olub.
Fond birjası indekslərində azalmaya səbəb FED-in monetar siyasətini sərtləşdirməyə davam edəcəyi barədə son iclasda verdiyi siqnallar olub. Qeyd edək ki, dünən ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla açıqlanan məşğulluq göstəricisinin 184 000 gözləntiləri əvəzində 200 000 nəfər artması ABŞ iqtisadiyyatının güclü olmasını təsdiqləyib. Bu da, öz növbəsində, FED-in uçot dərəcəsini daha sürətlə artırması mənasına gəlib. Nəticədə ABŞ-ın 10 illik istiqrazlarının faizi 2,854%-ə çataraq son 4 ilin maksimal həddinə yüksəlib. Bu da ABŞ və digər dünya fond birjalarında satışa səbəb olub.