"Dəmirbank"ın səhmdarları ötən ilə aid maliyyə hesabatını təsdiqləməyiblər

Maliyyə
  • 30 iyun, 2017
  • 15:16
Dəmirbankın səhmdarları ötən ilə aid maliyyə hesabatını təsdiqləməyiblər

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün “Dəmirbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

"Report"un məlumatına görə, yığıncaq bankın əsas binasının yerləşdiyi Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında baş tutub.

"Dəmirbank"ın səhmdarlarının 72%-nin iştirak etdiyi yığıncaqda Bankın 2016-cı ilə aid maliyyə nəticələrinin təsdiq edilməsi nəzərdə tutulsa da, bu, mümkün olmayıb. Səhmdarlar maliyyə hesabatı ilə əvvəlcədən tanış olmadıqlarını əsas gətirərək sənədi təsdiqləməkdən imtina ediblər. Buna görə də, növbəti yığıncağın çağırılması qərara alınıb, amma onun tarixi müəyyən edilməyib.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.