DB Azərbaycan üçün yeni strategiya çərçivəsində diaqnostik tədqiqatlara başlayıb

Maliyyə
  • 07 may, 2022
  • 08:17
DB Azərbaycan üçün yeni strategiya çərçivəsində diaqnostik tədqiqatlara başlayıb

Dünya Bankı (DB) Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması məqsədilə ölkə iqtisadiyyatının sistemli diaqnostikasına başlayıb.

“Report” DB-yə istinadən xəbər verir ki, Sistematik Ölkə Diaqnostikası (SCD) özündə ölkənin həll etməli olduğu çağırışların və ölkədə yoxsulluğu aradan qaldırılmasını və davamlı əsasda ümumi rifahı təşviq etmək istiqamətində irəliləyişi sürətləndirmək üçün əldə edə biləcəyi imkanların vaxtlı-vaxtında və faktiki göstəricilərə əsaslanan qiymətləndirilməsini ehtiva edir.

Yoxsulluğun azaldılması və inklüziv inkişafın təşviqi SCD təhlilinin mərkəzi mövzuları olacaq, eyni zamanda davamlılıq məsələlərinə xüsusi diqqət yetiriləcək. SCD bütün mövcud məlumatlardan istifadə edir və lazım olduqda yeni təhlili özündə ehtiva edir.

DB-nin məlumatına görə, bütün bunlarla yanaşı, maraqlı tərəflərlə məsləhətləşmələr də aparılacaq.

Hazırda DB-nin Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.

Bank Azərbaycanın gələcək yüksəlişi və inkişafı imkanlarını təhlil etmək niyyətindədir və yeni strategiyanın hazırlanmasında Azərbaycanın beş milli prioriteti nəzərə alınacaq, yəni DB-nin strategiyası  “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf strategiyası” əsasında qurulacaq.

DB “yaşıl enerji”yə keçidi, iqtisadiyyatın şaxələndirilməsini, eləcə də hökumətin digər prioritetlərini, o cümlədən özəl sektora, kiçik və orta sahibkarlığa dəstəyi, iş yerlərinin yaradılmasını, insan kapitalına dəstəyi, ölkənin müasir, innovativ işçi qüvvəsinin təmin ediləməsini, ətraf mühitin mühafizəsini dəstəkləməyə hazırdır.

Maliyyə naziri Samir Şərifovun daha əvvəl bilirib ki, DB Qarabağın bərpası layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycana xüsusi güzəştli şərtlərlə kredit ayırmağa hazırdır.

“Onlarla razılığa gəlsək, gələn ilin ortalarına qədər bu güzəştli şərtlərdən yararlana bilərik. Qarabağın tərəfimizdən bərpası prosesini nəzərə alaraq, DB belə güzəştli şərtlərlə kreditlərin verilməsi barədə qərar qəbul edib”, - nazir söyləyib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.