"City Finance" BOKT-un xalis mənfəəti 15 %-dən çox azalıb
- 16 may, 2024
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"City Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 2,551 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 15,3 % azdır.
Ötən il "City Finance"ın vergiyəqədərki mənfəəti 3,24 milyon manat (əvvəlki ilə nisbətən 14 % az), mənfəət vergisi ödəmələri isə 689 min manat (8,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "City Finance"ın aktivləri 25,581 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 % çoxdur. Bunun 24,202 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 2 % böyüyüb.
Hesabat dövründə "City Finance"ın öhdəlikləri 13,4 % azalaraq 12,922 milyon manata düşüb, balans kapitalı isə 25,2 % artaraq 12,659 milyon manata çatıb.
Xatırladaq ki, "City Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 72,5 % payla "AQA Şirkətlər Qrupu" MMC və 27,5 % payla Məhəmməd Həbibzadədir. O, həm də "AQA Şirkətlər Qrupu"na daxil olan Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC-nin səhmlərinin 23 %-nə nəzarət edir.