Çinin qızıl-valyuta ehtiyatları 6 illik minimuma enib
- 07 fevral, 2017
- 12:24
Bakı. 7 fevral. REPORT. AZ/ Çinin qızıl-valyuta ehtiyatları bu ilin yanvar ayında 12,3 mlrd. dollar və ya 0,4% azalaraq 2,998 trln. dollara enib.
"Report" "BBC News"a istinadən xəbər verir ki, bununla da Çinin qızıl-valyuta ehtiyatları 2011-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə düşüb. Ehtiyatlardakı azalmaya əsas səbəb dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi amili olub. Belə ki, dolların güclənməsi digər aktivlərin qiymətdən düşməsinə səbəb olub.
Xatırladaq ki, Çinin qızıl-valyuta ehtiyatlarının maksimal səviyyəsi 2014-cü ilin iyun ayında (3,99 trln. dollar) qeydə alınıb. Hazırda ehtiyatlar rekord həddən 25% aşağı düşüb. Qeyd edək ki, dekabr ayında Çinin valyuta ehtiyatları 41 mlrd. dollar azalma göstərib.
Ümumilikdə isə 2016- ci ildə Çinin valyuta ehtiyatları 320 mlrd. dollar və ya 9,6% azalıb.