Bu gün Honq Konqun fond birjasındakı keçirilmiş hərracda Çin banklarının "MSCİ China" indeksindəki payı 14%-ə düşərək 2005-ci ildə qeydə alınmış minimum həddə yaxınlaşıb.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, 2015-ci ilin iyul ayında sözügedən nisbət 43% olub. Kəskin azalma Çin banklarının səhmlərindəki ucuzlaşma ilə bağlıdır. Təkcə bu il Çin banklarının bazar dəyəri 194 milyard ABŞ dolları azalıb.
Xatırladaq ki, 2018-ci ildə Çin hökuməti iqtisadiyyatın borc yükünü azaltmaq üçün pul bazarında siyasəti sərtləşdirməyə başlayıb, bu isə bankların gəlirlərini azaldıb. 2020-ci ildə isə Çin bankları hökumətin çağırışına qoşularaq koronavirus pandemiyası şəraitində iqtisadiyyatı dirçəltmək üçün daha çox kredit veriblər, amma bu kreditlər nəticəsində itki ilə üzləşiblər.
Nəticədə ən böyük dövlət bankları olan “İndustrial & Commercial Bank of China” (İCBC), “Agricultural Bank of China”, “Bank of China”, “China Construction Bank Corp.” bu ilin I yarısında mənfəətlərinin ötən ilin eyni dövrünə nisbətən azı 10% azaldığını açıqlayıb. Sadalanan bankların səhmlərinin dəyəri aktivlərinin balans dəyərinin yarısı qədər, hətta bir qədər də azdır ki, bu da tarixi minimumdur.
Çin bankları bu ay vəziyyəti düzəltmək üçün bütövlükdə 29 milyard ABŞ dolları məbləğində istiqraz buraxmaq niyyətindədir. ABŞ-ın “Citigroup” bankının ekspertləri hesab edir ki, Çin banklarındakı ümidsiz kreditlərin məbləği 392 milyard ABŞ dollardan 556 milyard ABŞ dollarına yüksələ bilər.