Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyanın "Cbonds" informasiya agentliyi 2016-cı il üzrə Qafqaz regionunda daxili korporativ istiqraz emissiyası təşkilatçılarının renkinqini hazırlayıb. "Report"un "Cbonds"un rəsmi saytına istinadən verdiyi xəbərə görə, renkinqə Azərbaycan, Ermənistan və Gürcüstanın bütün korporativ istiqraz emitentlərinin yerləşdirmələri və beynəlxalq maliyyə təşkilatlarının bu ölkələrdə yerləşdirdiyi istiqrazlar daxil edilib. Həmçinin, hesabatda region ölkələrinin renkinqi də öz əksini tapıb.
Hesabatda Qafqaz regionu ölkələrinin renkinqində 310 mln. dollar həcmində istiqraz yerləşdirilməsini təşkil edən 8 investisiya bankı təmsil olunub. Renkinqdə ilk sıranı Gürcüstanın "Galt and Taggart" şirkəti tutub. Bu şirkət 161 mln. dollar həcmində 7 istiqraz yerləşdirilməsi həyata keçirərək məcmu bazar payının 51,95%-nə sahib olub. İkinci yeri Azərbaycanın "PSG Capital" şirkəti tutub. O, 100 mln. dollar həcmində bir istiqraz yerləşdirilməsi həyata keçirib və bazarda payı 32,25% olub. Üçüncü yeri isə keçən il 22 mln. dollar həcmində 3 istiqraz yerləşdirilməsi həyata keçirən və bazar payı 7,12% olan Ermənistanın "Ameriabank"ının investisiya şirkəti tutub.
Qeyd edək ki, sıralamada 5-ci yeri "PASHA Bank Georgia" tutub. Bank 2016-cı ildə 6 mln. dollar həcmində 1 yerləşdirmə keçirib və bazar payı 1,89% təşkil edib.
Xatırladaq ki, "Cbonds" şirkəti maliyyə bazarları üzrə ixtisaslaşmış informasiya agentliyidir, fəaliyyətini Rusiya, Ukrayna və Qazaxıstanda davam etdirir. Agentliyin saytında əsasən MDB məkanına daxil olan ölkələrin istiqraz bazarında ən son məlumatlar və təhlillər əks olunur.