BVF: Pandemiya bütün ölkələrdə yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaq

BVF: Pandemiya bütün ölkələrdə yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaq “2020-ci ildə qlobal dövlət borcunun rekord səviyyədə - demək olar, qlobal ÜDM-in 100%-i həcmində olacağını gözləyirik”
Maliyyə
6 Oktyabr , 2020 17:56
BVF: Pandemiya bütün ölkələrdə yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaq

Yeni növ koronavirusun səbəb olduğu pandemiya dünyanın, demək olar ki, bütün ölkələrində yaşayış səviyyəsinin pisləşməsinə səbəb olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnozu çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva verib.

“Ortamüddətli perspektivdə qlobal istehsalın pandemiya öncəsi proqnozlarımızdan əhəmiyyətli dərəcədə aşağı olacağını gözləyirik. Demək olar ki, bütün ölkələr üçün bu, yaşayış səviyyəsinin yaxşılaşdırılması baxımından geriləmə olacaq”, - deyə o, oktybarın 12-18-də BVF və Dünya Bankının illik toplantısı ərəfəsində London İqtisadiyyat Məktəbinin təşkil etdiyi onlayn tədbirdə deyib.

K.Georgiyevanın sözlərinə görə, pandemiyanın səbəb olduğu böhrandan sonra dünya iqtisadiyyatının bərpası uzun sürəcək və uzunmüddətli bərpa vəziyyətini xatırladacaq.

“BVF iyunda 2020-ci ildə qlobal ÜDM-də çox ciddi azalma olacağını proqnozlaşdırmışdı. Bu gün mənzərə bir qədər düzələnə oxşayır. Yeni qiymətləndirmələrimizə əsasən, ikinci və üçüncü rüblərdə hadisələrin inkişafı gözləniləndən bir qədər yaxşı olub, buna görə də proqnozumuz yaxşıya doğru dəyişib. 2021-ci ildə qismən və qeyri-bərabər bərpa olacağını proqnozlaşdırırıq. Yenilənmiş proqnozumuz gələn həftə hazır olacaq”, - K.Georgiyeva söyləyib.

Eyni zamanda onun sözlərinə görə, pandemiya bitdikdən sonra dünya iqtisadiyyatı yeni prinsiplərə uyğun olaraq yenidən qurulmalıdır: “Köhnə iqtisadiyyatı aşağı artımla, aşağı məhsuldarlıqla, yüksək səviyyəli qeyri-bərabərliklə və pisləşən iqlim böhranı ilə sadəcə bərpa edə bilmərik”.

O, pandemiyadan sonra iqtisadiyyatda köklü islahatlar aparılmasının, onun daha ekoloji, daha ağıllı, daha inklüziv və daha dinamik olmasının zəruriliyini qeyd edib. K.Georgiyeva hesab edir ki, bunun üçün ciddi investisiyalara ehtiyac var.

BVF rəhbəri vurğulayıb ki, bütün ölkələrin ümumi dövlət borcu bu il rekord həddə çatacaq: “2020-ci ildə qlobal dövlət borcunun rekord səviyyədə - demək olar, qlobal ÜDM-in 100%-i həcmində olacağını gözləyirik”.

“Bir çox ölkələr daha həssas olub. Onların borc səviyyəsi böhrana cavab olaraq gördükləri vergi-büdcə tədbirlər, eləcə də gəlir itkisi sayəsində artıb”, - K.Georgiyeva əlavə edib.

O fondun üzvlərinə böhrandan sonra iqtisadiyyatı bərpa etmək üçün kreditlərlə kömək etmək üçün kifayət qədər resursa sahib olduğunu söyləyib: “81 ölkəyə misilsiz sürət və miqyasda maliyyə dəstəyi göstərmişik”.

K.Georgiyevanın sözlərinə görə, müvafiq borc öhdəlikləri 280 milyard ABŞ dollarından çoxdur: “Onların üçdə birindən çoxu mart ayından bəri təsdiqlənib. Biz daha çoxunu etməyə hazırıq: kreditləşmə üçün nəzərdə tutulmuş 1 trilyon ABŞ dollarından hələ də kifayət qədər resurs qalır”.

Son xəbərlər

Orphus sistemi