Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış gücünün artırılmasında iştirakla bağlı müzakirəyə hazırdır.
Bu barədə “Report”a eksklüziv müsahibəsində Bankın prezidenti Dmitri Pankin bildirib.
O qeyd edib ki, üzv ölkələr arasında iqtisadi əlaqələri dəstəkləyən infrastrukturu inkişaf etdirmək bankın əsas prioritetlərindəndir. Bankın prezidenti həmçinin üzv ölkələr arasında elektrik xətlərinin inkişaf etdirilməsi layihələrində, habelə Trans-Adriatik Boru Kəməri (TAP), Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinin də mümkün genişləndirilməsində iştirakla bağlı müzakirəyə hazır olduqlarını diqqətə çatdırıb.
“Biz bir sıra başqa banklarla birgə vacib regional layihə olan “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi ilə bağlı layihəni maliyyələşdirənlərdən biriyik. Regionumuzda TAP, TANAP kimi mövcud boru kəmərlərinin genişləndirilməsi və ya uzadılması layihələrində, yaxud da Azərbaycanın region ölkələri vasitəsilə beynəlxalq bazarlara çıxmasını asanlaşdıran başqa layihələrdə iştirak etməyi məmnuniyyətlə nəzərdən keçirərdik”, - deyə bank rəhbəri qeyd edib.
Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan tərəfindən yaradılan beynəlxalq maliyyə kredit müəssisəsidir. Nizamnamə kapitalı 3,45 milyard avro olan QDTİB-də Azərbaycan öz payını 2008-ci ildə 2 faizdən 5 faizədək artırmışdı.