Bakıda bələdiyyə nümayəndələri üçün təlim keçirilib
- 07 noyabr, 2016
- 17:02
Bakı. 7 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin Tədris Mərkəzində bələdiyyə nümayəndələri üçün “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «Report”a verilən məlumata görə, təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak edib.
Qurumun açıqlamasında deyilir ki, təlim zamanı yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar, eləcə də “Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları barədə bələdiyyə nümayəndələrinə məlumatlar verilib.
Təlimdə bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, qeydiyyata alınmış yerli (bələdiyyə) verginin ödəyicilərinə yerli (bələdiyyə) vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli (bələdiyyə) vergilər üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılıb və bu mövzular ətrafında müzakirələr aparılıb.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində təlimlərə təlimçi qismində cəlb edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının əməkdaşları bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, bələdiyyə torpaqlarının idarə edilməsi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, habelə bələdiyyələrin şəffaflığının artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması mövzuları üzrə təqdimatlarla çıxış ediblər.