"Bank VTB (Azerbaijan)" dollar əmanətlərini ucuzlaşdırıb

Maliyyə
  • 19 noyabr, 2016
  • 11:05
Bank VTB (Azerbaijan) dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Bank VTB (Azerbaijan)"də 1 il müddətinə dollarla yerləşdirilən klassik əmanətlərə ("Sərfəli əmanət") 2% dividend ödənilir. İndiyə qədər bu göstərici faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 3-3,5% olub.

Bundan başqa, Bank 1 il müddətinə Amerika valyutası ilə qəbul edilən yığım əmanətlərini ("Sərbəst əmanət") də ucuzlaşdırıb. Belə ki, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə bu əmanətin illik faiz dərəcəsi 2%-dən 0,5%-ə endirilib.

Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Onun səhmlərinin 51%-i "VTB Bank" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 001%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.