"Bank Respublika" bu ilin I yarısının maliyyə yekunlarını açıqlayıb

Maliyyə
  • 24 iyul, 2017
  • 05:03
Bank Respublika bu ilin I yarısının maliyyə yekunlarını açıqlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ "Bank Respublika" ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 779,396 mln. manat təşkil edib. 

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 13,3% azdır.

"Bank Respublika"nın aktivlərinin 31,5%-ni və yaxud 245,357 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 9,5% kiçilib.

İl ərzində "Bank Respublika"nın vaxtı keçmiş kreditləri isə 42,5% azalaraq 27,926 mln. manat, problemli kreditlərin ümumi kreditlərin portfelində payı isə 6,5% bəndi azalaraq 11,4% olub.

Hesabat dövründə, "Bank Respublika"nın cəmi öhdəlikləri 14,7% azalaraq 732,503 mln. manata, o cümlədən depozit portfeli 17,8% azalaraq 470,563 mln. manata düşüb. Əvəzində Bankın cəmi kapitalı isə 17,25% artaraq 46,893 mln. manata, o cümlədən nizamnamə kapitalı 53,4% artaraq 57,461 mln. manata çatıb.

Bu ilin I yarısında "Bank Respublika"nın faiz gəlirləri 15,903 mln. manat (ötən ilin I yarısına nisbətən 40,6% az), faiz xərcləri 12,106 mln. manat (3% az), qeyri-faiz gəlirləri 15,948 mln. manat (22,5% çox), qeyri-faiz xərcləri isə 14,986 mln. manat (3,9% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 4,759 mln. manat olub ki, bu da 1 il əvvəllə müqayisədə 63,1% azdır.

Bu ilin yanvar-iyun aylarında "Bank Respublika" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 81,35% az - 5,342 mln. manat yönəldib. Bununla da Bank 2017-ci ilin I yarısını 583 min manat xalis zərərlə başa vurub. Bu, illik müqayisədə 96,2% azdır.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 45,67%-i Natiq Saday oğlu Quliyevə, 9,89%-i Elçin Saday oğlu Quliyevə (Hər iki şəxs Bankın Müşahidə Şurasının üzvləridir), 9,47%-i Sevda Saday qızı Quliyevaya, 9,36%-i Saday Əsəd oğlu Quliyevaya, 9,17%-i Mariya Heydər qızı Quliyevaya, 10,87%-i "DEG" investisiya şirkətinə, 5,43-i "Sparkassen International Development Trust" şirkətinə (Hər ikisi Almaniyaya aiddir), 0,13%-i isə digər 3 hüquqi və 9 fiziki şəxsə məxsusdur.