"Bank Respublika" sığorta şirkətindəki payını artırıb

Maliyyə
  • 13 dekabr, 2016
  • 11:02
Bank Respublika sığorta şirkətindəki payını artırıb

Bakı. 13 dekabr. REPORT.AZ/ “Bakı Sığorta” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, “Bakı Sığorta”nın əsas səhmdarı olan “Bank Respublika” ASC şirkətdəki payını 55,21%-dən 57,98%-ə çatdırıb.

Xatırladaq ki, “Bakı Sığorta”nın 2014-cü ilin sonunda açıqladığı məlumatda “Bank Respublika”ın şirkətin dövriyyədə olan 11 018 səhmindən 6 083-nə sahib olduğu bildirilirdi. 2015-ci ildə “Bakı Sığorta” nizamnamə kapitalını 551 760 manat artıraraq 8 925 440 manata çatdırıb. Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 760 manat olan 726 yeni səhm buraxılıb. Bu səhmlərin hamısını “Bank Respublika” əldə edib.

Son nəticədə “Bakı Sığorta”nın səhmdarı olan "Diamond Motors", "Subaru Azərbaycan" və "Yeni Motor" MMC-lərin, eləcə də 2 fiziki şəxsin - Murad Arif oğlu Rəhimovun və Behbud Çingiz oğlu Nəcəfovun şirkətdəki payı 44,79%-dən 42,02%-ə düşüb.

Xatırladaq ki, "Bakı Sığorta" 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.