"Bank Avrasiya" bu il aktivlərini 13% artırıb

Maliyyə
  • 16 noyabr, 2016
  • 12:03
Bank Avrasiya bu il aktivlərini 13% artırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 2016-cı il noyabrın 1-nə 139,482 mln. manat təşkil edib. 

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 13,1% çoxdur.

Oktyabrın sonuna Bankın aktivlərinin 59,3%-ni və yaxud 82,865 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 10 ayda Bankın kredit portfeli 3,6% genişlənib.

Hesabat dövründə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 10,7% artaraq 79,935 mln. manata çatıb. Bunun 46,3%-ni və yaxud 36,995 mln. manatını depozit porfeli təşkil edib. Bu göstərici ilin əvvəlinə nisbətən 26,7% böyüyüb.

Bu ilin ilk 10 ayında Bankın məcmu kapitalı 16,4% artaraq 59,547 mln. manata çatıb.

Yanvar-oktyabr aylarında "Bank Avrasiya"nın faiz gəlirləri 10,237 mln. manat, faiz xərcləri 2,813 mln. manat, qeyri-faiz gəlirləri 2,669 mln. manat, qeyri-faiz xərcləri isə 2,957 mln. manat təşkil edib. Bununla da Bankın xalis əməliyyat mənfəəti 7,136 mln. manat olub.

"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərcə 882 min manat qənaət edib. Beləliklə, kredit təşkilatı ilin ilk 10 ayını 8,018 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

44 - Tezliklə