"Bakı Telefon Rabitəsi" ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 03 noyabr, 2022
  • 11:55
Bakı Telefon Rabitəsi ötən ili mənfəətlə başa vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2021-ci ili 12,594 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 13,712 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "Baktelecom"un göstərdiyi xidmətlərdən gəlirləri 81,847 milyon manat (əvvəlki illə müqayisədə 5 % çox), xidmətlərinin maya dəyəri 54,817 milyon manat (1,5 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 24,086 milyon manat (18% çox), gözlənilən kredit gəliri 1,97 milyon manat (əvvəlki il itki olub), digər əməliyyat gəlirləri 175 min manat (41,1 % az), maliyyə xərcləri 148 min manat (14,9 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 7,313 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə "Baktelecom"un aktivləri 147,43 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,3 % azalaraq 25,593 milyon manata düşüb, balans kapitalı isə 17,2 % artaraq 121,837 milyon manata çatıb.

Ötən il şirkətə dövlət büdcəsindən 5,638 milyon manat vəsait ayrılıb və həmin pul Ələt Azad İqtisadi Zonasında GPON texnologiyası tətbiqinə xərclənib.

Xatırladaq ki, “Baktelecom" 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43,151 milyon manatdır.

44 - Tezliklə