"Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar veriləcək
- 12 oktyabr, 2024
- 08:22
Noyabrın 15-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncaqda "Bank Respublika"nın törəməsi - "Bakı Sığorta" ASC-nin gələcək fəaliyyəti ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, bu ilin iyun ayında "Bakı Sığorta"nın İdarə Heyətinin sədri Ramin Məmmədov işdən çıxıb. Avqustda isə şirkətin səhmlərinin 6,93 %-nə nəzarət edən Behbud Nəcəfov və 6,97 %-nə nəzarət edən Murad Rəhimov paylarını satıblar. Onların paylarını əsas səhmdar – “Bank Respublika” alıb, payını 79,42 %-dən 93,32 %-ə çatdırıb. Səhmlərin qalan 6,68 %-i isə əvvəlki kimi “Ekolizinq” MMC-yə məxsusdur.
Sentyabrda isə Azərbaycan Mərkəzi Bankı "Bakı Sığorta"nın lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Qərar şirkətin könüllü müraciəti əsasında qəbul edilib. Belə ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyanın qüvvəsi məhdudlaşdırılıb.