“Bakı Sığorta”nın aktivləri 9% azalıb

Maliyyə
  • 03 aprel, 2017
  • 11:23
“Bakı Sığorta”nın aktivləri 9% azalıb

Bakı. 3 aprel. REPORT.AZ/ “Bakı Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 11,061 mln. manat təşkil edib. “Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,4% azdır.

2016-cı ildə “Bakı Sığorta”nın uzunmüddətli aktivləri 45,4% artaraq 2,909 mln. manat, qısamüddətli aktivləri isə 20,1% azalaraq 8,152 mln. manat olub.

Hesabat dövründə “Bakı Sığorta”nın cəmi öhdəlikləri 37,2% azalaraq 2,143 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 29,4% azalaraq 1,491 mln. manat, qısamüddətli öhdəlikləri isə 49,8% azalaraq 653 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 1,4% artaraq 8,918 mln. manata çatıb.

2016-cı ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 3,133 mln. manat (2015-ci ilə nisbətən 47,7% az), cəmi xərcləri 2,837 mln. manat (42,1% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 297 min manat olub ki, bu da illik müqayisədə 72,8% azdır.

“Bakı Sığorta” ötən il 59 min manat vergi ödəyib (əvvəlki il vergi ödəməyib) və ili 237 min manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 78,25% azdır.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 760 manat olan 11 744 səhm əsasında formalaşıb. Səhmlərin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova (DŞ-nın üzvü), 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.