"Dəmirbank" birinci rübdə 7 mln. manatdan çox zərər edib
- 22 aprel, 2017
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 aprel. REPORT.AZ/ "Dəmirbank"ASC-nin aktivləri illik 5,2% azalaraq cari il aprelin 1-nə 519 977 min manat təşkil edib.
"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Müştərilərə verilən kreditlərin həcmi də bu müddətdə 12,4% azalaraq 351 309 min manata enib. Kreditlərin 194 574 min manat və ya 55,4%-i xarici valyutada verilib. Cəmi öhdəliklər də 4% azalaraq cari il aprelin 1-nə 480 6323 min manat olub. Depozit portfeli 15% azalaraq 154 704 min manat təşkil edib. Depozit portfelinin 117 754,85 min manat və ya 76%-i xarici valyutada yerləşdirilib.
Bank cari ilin birinci rübü ərzində 7 258 min manat xalis zərər edib. Bildirək ki, bu aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların artması nəticəsində yaranıb. Belə ki, birinci rübdə bankın xalis əməliyyat mənfəəti 9 585,6 min manat, xüsusi ehtiyatın yaradılmasına ayırmalar 16 915 min manat təşkil edib. Qeyd edək ki, 2016-cı ilin birinci rübündə isə bank 479 min manat xalis mənfəət əldə edib. Bu vaxt xalis əməliyyat mənfəəti 8 728 min manat, ehtiyat ayırmalar 8 208 min manat olub.