“AzRe Təkrarsığorta” aktivlərini 5% artırıb

Maliyyə
  • 04 aprel, 2017
  • 06:18
“AzRe Təkrarsığorta” aktivlərini 5% artırıb
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda təkrarsığorta ilə məşğul olan yeganə şirkət – “AzRe Təkrarsığorta”nın cəmi aktivləri bu il yanvarın 1-nə 103,581 mln. manat təşkil edib. “Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,95% çoxdur.

2016-cı ildə “AzRe Təkrarsığorta”nın uzunmüddətli aktivləri 26,1% artaraq 30,156 mln. manat, qısamüddətli aktivləri isə 3,1% azalaraq 73,425 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 3,6% azalaraq 28,132 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 3,85% azalaraq 28,049 mln. manat, qısamüddətli öhdəlikləri isə 10,5 dəfə artaraq 84 min manat olub.

Ötən il təkrarsığortaçının cəmi kapitalı 8,5% artaraq 75,448 mln. manata, nizamnamə kapitalı isə 25% artaraq 50 mln. manata çatıb.

2016-cı ildə “AzRe Təkrarsığorta”nən cəmi gəlirləri 67,421 mln. manat (2015-ci ilə nisbətən 2% çox), cəmi xərcləri isə 47,236 mln. manat (1,8% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 20,186 mln. manat olub ki, bu da illik müqayisədə 12,2% çoxdur.

“AzRe Təkrarsığorta” ötən il əvvəlki illə müqayisədə 22,7% çox – 4,681 mln. manat mənfəət vergisi ödəyib və 2016-cı ili 15,505 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 9,4% çoxdur.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 25 min manat olan 2 min ədəd səhmi var. Səhmlər 6 fiziki şəxsə məxsusdur.

“AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin 91,11%-lik, “Azər-Türk Bank” ASC-nin isə 6,55%-lik səhmdarıdır.