“Azercell Telecom”un xalis mənfəəti 16% artıb
- 12 iyul, 2022
- 06:58
“Azercell Telecom” MMC 2021-ci ili 121,175 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 16,3 % çoxdur.
Ötən il “Azercell Telecom”un əməliyyat gəlirləri 492,091 milyon manat (əvvəlki ilə nisbətən 8,1 % çox), əməliyyat xərcləri 343,736 milyon manat (11,7 % çox), maliyyə gəlirləri 606 min manat (3,3 dəfə az), maliyyə xərcləri 832 min manat (9,2% çox), digər gəlirləri 174 min manat (10,8% az ), mənfəət vergisi ödəmələri isə 27,128 milyon manat (39,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azercell Telecom”un aktivləri 910,061 milyon manat olub ki, bu da illik müqayisədə 16,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,9 % artaraq 193,748 milyon manata, balans kapitalı isə 20,4 % artaraq 716,313 milyon manata çatıb.
Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin əsas səhmdarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-dir.