Azərbaycanın yeganə təkrarsığorta şirkəti aktivlərinin 35 %-ni xarici qiymətli kağızlara yatırıb
- 28 noyabr, 2024
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ildən etibarən “AzRe Təkrarsığorta” ASC portfelini sabit gəlirli xarici qiymətli kağızlara köçürməklə, Azərbaycandakı investisiya risklərini azaldıb.
“Rerport” bu barədə ABŞ-ın sığorta sektoruna yönəlmiş “AM Best” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin sabit gəlirli xarici qiymətli kağızlara investisiyaları 2024-cü ilin iyun ayının sonuna aktivlərinin 35 %-ni təşkil edib, Bu göstərici ötən ilin sonuna 10 %-dən az idi.
"Məhdud katastrofik retrosessiya örtüyü "AzRe"nin genişlənən beynəlxalq portfelinin reytinqini qismən kompensasiya edən amil olsa da, bu biznes coğrafi cəhətdən yaxşı diversifikasiya olunub. "AzRe" güclü əməliyyat göstəricilərinin sabit tarixçəsinə malikdir. Şirkətin ötən ildəki etibarlı kombinə edilmiş əmsalı 63,6 %, kapitalın rentabelliyi əmsalı isə 24,4 % təşkil edib.
Ümumi mənfəəti Azərbaycanda yüksək faiz dərəcəsini əks etdirən yüksək investisiya gəlirləri ilə dəstəklənir", - məlumatda deyilir.
AM Best şirkətin əməliyyat göstəricilərinin orta müddətli perspektivdə yaxşı məhsul diversifikasiyası və əlverişli bazar şərtləri ilə dəstəklənərək güclü qalacağını gözləyir, lakin şirkətin böyük risklərə məruz qalması səbəbindən potensial dəyişkənliyə məruz qala bilər.
Bildirilir ki, “AzRe yerli təkrarsığorta bazarında lider mövqeyini qoruyub saxlayır. Bununla belə, şirkət beynəlxalq standartlara görə nisbətən kiçik təkrarsığortaçıdır.
"AzRe" xarici bazarlarda öz təklifini genişləndirmək üçün addımlar atıb ki, burada artan təkrarsığorta dərəcələrindən faydalana bilər, lakin eyni zamanda daha təcrübəli profillərə malik oyunçularla intensiv rəqabətlə üzləşir", - "AM Best" bəyan edib.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100 %-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90 %-lik səhmdarıdır.