Son aylar Azərbaycanın maliyyə bazarında illik faiz dərəcələrinin artması müşahidə olunur.
Məsələn, qısamüddətli əmanətlərin illik gəlirliliyi milli valyutada 11-12 %-ə, xarici valyutada isə 2-2,5 %-ə yüksəlib.
Əmanətlərin bahalaşması istiqraz bazarında da faiz artımına səbəb olub. Milli və xarici valyutada buraxılan istiqrazların illik gəlirliliyi artmaqdadır. Məsələn, bir qədər əvvəl lombard fəaliyyəti ilə məşğul olan şirkətlərdən biri manat istiqrazlarına illik 17 %, banklardan biri isə dollar istiqrazlarına illik 8 % gəlirlilik vəd edib.
Faizlər niyə artır və nə vəd edir? "Report" mövzunu maliyyə bazarı üzrə ekspertlərlə müzakirə edib.
Onlardan biri - Rəşad Həsənov hesab edir ki, faizlərin yüksəlməsi bir neçə mühüm amil, o cümlədən Azərbaycan Mərkəzi Bankının (AMB) banklararası bazarın inkişafını dəstəkləmək üçün həyata keçirdiyi tədbirlərlə əlaqədardır: "Bu tədbirlər bazarda izafi likvidliyin azalmasına səbəb olub və faizlərin yüksəlməsi əsasən bununla bağlıdır. Banklar əlavə vəsaitlər cəlb etmək zərurəti ilə qarşılaşıblar. Bu isə həm əmanət, həm də istiqraz faizlərinin yüksəlməsinə yol açıb”.
Ekspert həmçinin hesab edir ki, Azərbaycanın maliyyə bazarında faizlərin artması beynəlxalq iqtisadi tendensiyalardan qaynaqlanır: "Dünyadakı mərkəzi banklar inflyasiyaya qarşı mübarizə aparmaq üçün uçot dərəcələrini artırmağa başlayıblar. Bu isə xarici bazardan borclanmanın xərclərini artırıb. Azərbaycanın maliyyə bazarı da bu tendensiyadan təsirlənib və daxili bazarda daha yüksək faizlə vəsait cəlb etmək strategiyası tətbiq olunmağa başlayıb".
R.Həsənovujn fikrincə, uzunmüddətli perspektivdə vəziyyət stabilləşək: "Mövcud şəraitdə faizlərin yüksək qalması qaçılmazdır. Lakin uzunmüddətli dövrdə daha sabit maliyyə bazarının formalaşması ehtimalı yüksəkdir. Bu, xüsusilə AMB-nin likvidliyin idarə olunması üçün atdığı addımların nəticəsində olacaq".
Maliyyə bazarı üzrə digər ekspert Xalid Kərimli də faizlərin yüksəlməsinin əsas səbəbini AMB-nin atdığı addımlarda, o cümlədən məcburi ehtiyat normalarını artırmasında görür. Onun fikrincə, bu dəyişiklik bankların likvid vəsaitlərinin məbləğini azaldıb: “AMB ötən ilin dekabrında məcburi ehtiyat normalarını əhəmiyyətli dərəcədə artırdı. Əvvəl bu göstərici 5 % idi, lakin indi məcburi ehtiyat norması öhdəliklər üzrə 25 %-ə qədər yüksəlib. Bu, bankların cəlb etdiyi vəsaitlərin böyük hissəsinin tənzimləyici qurumda saxlanılmasını tələb edir və daha yüksək faizlə əlavə vəsait cəlb edilməsinə gətirib çıxarır: “Təsəvvür edin ki, bir bank 100 manat əmanət qəbul edir. Bunun 20 manatı məcburi ehtiyat kimi AMB-də saxlanılmalıdır. Bu isə cəlb edilən vəsaitlərin istifadəsini məhdudlaşdırır və bankları əlavə maliyyə mənbələrinə müraciət etməyə vadar edir".
Ekspertin fikrincə, bu qərarın arxasında əsas məqsəd maliyyə sabitliyini təmin etməkdir: “AMB maliyyə sabitliyini qorumaq və bank sektorunda rəqabət mühitini yaxşılaşdırmaq məqsədi güdür. Bununla belə, əmanət və kredit faizlərinin yüksəlməsi qaçılmaz olur. Ümumiyyətlə isə, Azərbaycanın maliyyə bazarında faizlərin artması xarici və daxili amillərin birgə təsiri nəticəsində baş verir, bazarda yeni imkanlar və çətinliklər yaradır. Qısamüddətli dövrdə faizlərin yüksək qalması gözlənilsə də, uzunmüddətli dövrdə bazarın sabitləşməsi ehtimalı müsbət qiymətləndirilir. Azərbaycanın maliyyə sektorunun daha rəqabətli və dayanıqlı olması üçün strateji addımların atılması davam edir."
"Faizlərin artması yeni reallıqlar yaradaraq əmanətçilər, borcalanlar və investorlar üçün fərqli təsirlər meydana gətirib. Artan faiz əmanətçilər üçün milli valyutada əmanətləri daha cəlbedici edir, lakin kredit götürənlər üçün borclanma xərclərini artıraraq istehlak və biznes mühitinə mənfi təsir göstərir. Eyni zamanda, yüksək gəlirlilik təklif edən istiqrazlar investorları cəlb edərək bazarda yeni imkanlar təqdim edir", - deyə X.Kərimli əlavə edib.