Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 840,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 11,7 % çoxdur.
Bankların aktivlərinin 25 milyard 167,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,1 %-dən 49,5 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,7 % artaraq 44 milyard 550 milyon manata, o cümlədən depozit portfeli 12,1 % artaraq 36 milyard 58,9 milyon manata çatıb. Bunun 13 milyard 849,1 milyon manatı fiziki, 22 milyard 209,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 12,4 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,4 dəfə azalaraq 44,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 5 % artaraq 6 milyard 290,8 milyon manat təşkil edib.