Azərbaycanın bank sektoru aşağı və orta təmərküzləşmə səviyyəsi ilə xarakterizə olunur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənəddə deyilir ki, sektorun təmərküzləşmə səviyyəsini qiymətləndirmək üçün beynəlxalq təcrübədə istifadə olunan "Herfindahl-Hirschman İndeksi" (HHİ) indeksi bu ilin I yarısında bankların kredit portfeli üzrə 1 196 (aşağı təmərküzləşmə səviyyəsi 2023-cü ilin sonunda 1 147 olmaqla qeydə alınıb), depozit portfeli üzrə - 1 604 (orta təmərküzləşmə səviyyəsi 2023-cü ilin sonunda 1 589 olmaqla qeydə alınıb), aktivlər üzrə 1 484 (aşağı təmərküzləşmə səviyyəsi 2023-cü ilin sonunda 1 504 olmaqla qeydə alınıb) təşkil edib.
“Bütövlükdə yanvar-iyun aylarında sektorda təmərküzləşmənin səviyyəsi çox dəyişməyib”, - AMB vurğulayıb.
Bununla yanaşı, qurum 6 ayda kredit portfeli üzrə TOP3-də yer alan bankların bazar payının artdığını qeyd edib. O cümlədən, onların xüsusi çəkisi 1,4 faiz bəndi artıb - 53,8 %-ə qədər (2023-cü ildə 4 faiz bəndi artım olub).