Azərbaycanda qiymətli kağızlar bazarına orta biznes cəlb edilə bilərmi?

Azərbaycanda qiymətli kağızlar bazarına orta biznes cəlb edilə bilərmi? Ölkə bankları tərəfindən verilən biznes kreditlərinin bahalığını qiymətli kağızlar bazarının inkişaf səviyyəsindən asılıdır
Maliyyə
244
18 Sentyabr , 2020 19:27
Azərbaycanda qiymətli kağızlar bazarına orta biznes cəlb edilə bilərmi?

Bu gün ölkə banklarındakı biznes kreditlərinin bahalığını ekspertlər haqlı olaraq bankların kredit bazarındakı inhisarçı mövqeyilə də izah edirlər. Məsələn, karantin dövründə mənfəətinin yarısını itirən hər hansı sahibkar vəsait dalınca hara üz tutar? Əlbəttə, banka. Halbuki əksər xarici ölkələrdə oxşar vəziyyətə düşən iş adamı bazarı araşdırıb məsələn, istiqraz buraxa, yaxud şirkət səhmlərinin bir qismini sata da bilər. Bununla da hər ay kredit ödəmək zərurətilə üzləşmədən də lazımi vəsait əldə edib işlərini yoluna qoya bilər. Yeri gəlmişkən, qiymətli kağız bazarının yarımçıq vəziyyətdə olması müxtəlif dərəcədə bütün MDB ölkələrinə xasdır. Hətta Rusiya və Qazaxıstanda iş adamları borc alətlərinin kiçik bir seçimindən şikayət edirlər.

Azərbaycanda isə iqtisadiyyatın başqa sektorları ilə haradasa eyni zamanda təşəkkül tapmış qiymətli kağızlar bazarı ötən müddət ərzində maliyyə sisteminin ən zəif halqası olaraq yerində sayıb. Həm də bu bazardakı dövriyyənin əksər hissəsi dövlət qiymətli kağızlarınındır. Belə ki, rəsmi məlumata görə, Bakı Fond Birjasının (BFB) cari ilin 8 ayı ərzindəki dövriyyəsinin 62,5 faizi məhz dövlət qiymətli kağızlarının payına düşüb. Yəni əsasən banklar, iri müəssisə və holdinqlərdən ibarət olan bazar iştirakçıları vəsaitlərini risk daşımayan alətlərə yatırmağa meyllidir.

Hazırkı pandemiya üzündən BFB-nin dövriyyəsi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 28,6 faiz azalaraq 10 milyard manata qarşı 7,1 milyard manatadək geriləyib. Belə bir vəziyyəti nəzərə alan hökumət də qiymətli kağız bazarında müəyyən güzəştlər proqramını tətbiq edib. Bu güzəştlər geniş spektri əhatə edir, məsələn, bazar iştirakçılarına requlyativ tətillər verilir, investisiya şirkətləri ilə bağlı tədbirlərin təxirə salınması və kapital tələblərini pozan investisiya şirkətləri və fond birjasının fəaliyyətində yoxlamaların aparılması, illik maliyyə hesabatlarının dərc olunma müddətlərinin uzadılması və s.

Əlbəttə, bütün bunlar bazara yeni oyunçuların daxil olması üçün daha əlverişli şərait yaradır. Bəs hələ pandemiyadan əvvəl orta biznesin qiymətli kağız bazarına cəlb olunması üçün niyə lazımi addımlar atılmayıb? Məsələ burasındadır ki, ötən müddət ərzində özəl müəssisələrin çoxu qiymətli kağız buraxmağın əsas şərtlərini yerinə yetirməyib - öz maliyyə əməliyyatlarının şəffaf uçotunu aparmayıb, sadə dildə desək, "ağ" mühasibatlığın aparılması, kənar auditor rəyi və korporativ idarəetmə standartların tətbiq etmə haqqında rəyi vacibdir. Maliyyə eksperti Cəfər İbrahimlinin fikrincə, səhm bazarındakı vəziyyət fəaliyyətdə olan açıq səhmdar cəmiyyətlərindən asılıdır: “Səffaf mühasibatlığın və korporativ idarəetmənin olmadığına görə onlara kapital yatırımları yüksək riskli sərmayə olaraq dəyərləndirilir, investorlar bu cür əməliyyatlardan uzaq dururlar”.

Digər tərəfdən, ekspertin qeyd etdiyi kimi, şirkətlər özləri də səhm bazarında sərmayə cəlb etməkdə, payçıların sayını artırmaqda, idarəetmə strukturunu dəyişdirməkdə maraqlı deyil. Borc bazarına çıxmağa gəldikdə isə bu, bir çox orta sahibkarlıq subyektləri üçün zəruri şərtləri yerinə yetirmədikləri üçün qeyri-mümkündür: “Yenə də qeyd edim ki, şirkətlər şəffaf mühasibatlığa tam keçməkdə maraqlı deyillər, bunun üçün onlara əlavə vəsait lazımdır”. Yəni belə olan halda şirkət bütün gəlirlərini vergi üçün açmalı, üstəlik kənar audit aparmaq üçün də əlavə vəsait ayırmalıdır. Odur ki, sahibkarlıq subyektlərinin indiyədək ən geniş intişar tapmış biznes-strukturun idarəetmə forması qapalı səhmdar cəmiyyətidir.

Bəs qiymətli kağız bazarındakı mövcud vəziyyəti dəyişdirmək olarmı? Ekspertlərin fikrincə, bazarın inkişafı üçün səmərəli vasitələrdən biri də qiymətli kağız buraxan emitentlər üçün vergi və digər imtiyazlarının tətbiqi ola bilər. Həmçinin iqtisadiyyatın bütövlükdə “ağardılması” uğurlu nəticə verməsi halında qiymətli kağızlar bazarının inkişafı yolundakı başlıca əngəli aradan qaldıracaq. Üstəlik qiymətli kağızlar bazarının tənzimləyiciləri də hərəkətə gələrək iştirakçılar üçün maliyyə biliklərini artıran proqramın tətbiqını sürətləndirsələr, yəni bank kreditlərinə alternativ alətlərinin mövcudluğunu və üstünlüklərini onlara izah etsələr, bəlkə bizdə də nə vaxtsa qızğın birja hərracları aparılar. Belədə ayrı-ayrı müəssisələrin real dəyərini müəyənləşdirməyə, ölkə iqtisadiyyatında onlara ehtiyacın olub-olmaması daha aydın ortaya çıxarmağa kömək edər.

Ekspert Qulu Nuriyev

Son xəbərlər

Orphus sistemi