Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 % artmış, qeyri-ərzaq malları üzrə isə 2,3 % azalıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-aprel aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 12 023,0 | 100,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 5 890,8 | 102,4 |
içkilər və tütün məmulatları | 713,0 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 645,8 | 100,3 |
elektrik malları və mebellər | 579,1 | 97,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 86,9 | 102,7 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 283,7 | 139,6 |
avtomobil benzini və dizel yanacağı | 736,1 | 100,2 |
digər qeyri-ərzaq malları | 2 087,6 | 91,2 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 13,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 1,7% artıb, bazar və yarmarkalarda isə 15,4% azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.