Azərbaycanda lizinq fəaliyyəti ilə bağlı dəyişikliklərin olması gözlənilir. Belə ki, "Lizinq haqqında" yeni qanun hazırlanıb və hazırda baxılma mərhələsindədir. Sözügedən qanun qəbul edildikdən sonra lizinq şirkətlərinin fəaliyyətinə Azərbaycan Mərkəzi Bankı (AMB) nəzarət edəcək. Bəs bu dəyişikliklər bazara hansı müsbət yenilikləri gətirə bilər, bu sahəni necə canlandıra bilər?
"Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin rəhbəri İlkin Qarayev “Report”a açıqlamasında deyib ki, Mərkəzi Bankın lizinq bazarında tənzimləməni həyata keçirməsi müsbət hal ola bilər:
“Amma bazarın inkişafı üçün əsas məsələ maliyyə mənbəyinin olmasıdır, lizinq şirkətlərinin maliyyə resurslarına çıxışı genişlənməlidir. Lizinq şirkətləri yenə də bankların törəmə şirkətləri kimi onlardan pulu alıb lizinq yolu ilə satacaqlarsa və lizinq şərtləri kredit şərtlərindən daha ağır olacaqsa, dəyişikliklərin effekti çox az olacaq. Amma inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə olunarsa, bazara çox müsbət təsir edəcək. Xüsusilə indiki iqtisadi vəziyyətin dəyişməsi ərəfəsində istehsal sahələrini genişləndirmək, idxaldan asılılığı azaltmaq üçün lizinqə böyük ehtiyac var. Bazarın inkişafı üçün beynəlxalq lizinq şirkətlərinin Azərbaycana cəlb olunmasını da asanlaşdırmaq lazımdır. Çünki həmin şirkətlərin kapital imkanları genişdir".
İ.Qarayev hesab edir ki, lizinq fəaliyyəti üçün lisenziya sistemi və minimum kapital tələbi olmalıdır: "Amma yenə də lisenziyalaşdırılma zamanı lizinq fəaliyyəti göstərən sahibkarlıq subyektinin nizamnamə kapitalı, maliyyə mənbələri nəzərə alınmalıdır və təhlil edilməlidir. Ümumilikdə, lizinq və digər maliyyə alətlərinin sayının artırılması xüsusilə də istehsal və biznes sahələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bu bazar bizdə hələ də inkişaf etməyib”.
Lizinq bazarı üzrə mütəxəssis Ceyhun Nağıyevin fikrincə bazardakı problemlərin həlli tam olaraq hansısa qanunun qəbul edilməsindən asılı deyil:
“Bu proses əsasən vergi inzibatçılığı ilə əlaqədar məsələlərin həllindən sonra təşəkkül tapmalıdır. 1996-cı ildən bu məsələlərlə bağlı müzakirələr gedir, hökumət nümayəndələri ilə fikir mübadiləsi aparılır, müəyyən təkliflər verilir. Əfsus ki, problemlərin həllində real məqamlar nəzərə alınmır. Hazırda bu sahədə proseslər Mülki Məcəllə ilə tənzimlənir. Bazarda lisenziya sistemin tətbiq edilməsinin effektivliyi də həmin vergi inzibatçılığının həlli ilə birbaşa bağlıdır. Xaricdə belə bir təcrübə var ki, hansısa sahibkarlıq subyekti lizinq hesabına bir avadanlığı idxal edərkən ödədiyi ƏDV-ni müəyyən müddətdə əvəzləşdirə bilmirsə, həmin vəsaiti büdcədən geri ala bilər. Bizdə isə belə mexanizm yoxdur. Düzdür, bizdə də qanunla 45 gün ərzində həmin ƏDV geri qaytarılmalıdır. Amma reallıq budur ki, onun geri qaytaırlması demək olar ki, mümkün deyil. Bu problemlərin həlli təkcə qanunvericiliyin dəyişdirilməsi deyil, müəyyən konseptual addımların nəticəsində ola bilər”.
O, qeyd edib ki, lizinq fəaliyyəti ilə bağlı dövlət tənzimləməsi bazarın reallığını, problemlərini nəzərə alaraq aparılmalıdır:
“2011-2012-ci illərdə bazarda təqribən 600-700 milyon ABŞ dolları həcmində lizinq portfeli var idi. Bu gün Azərbaycanda lizinq bazarı demək olar yoxdur və onun həcmi hec 50 milyon manatı keçmir.
Beynəlxalq təcrübədə lizinq bazarı üzrə iki hesablama metodologiyası var. Bunlardan birinə görə, ölkədə lizinq bazarının həcmi əsas vəsaitlərə ümumi kapital qoyuluşunun 10 %-i, digərinə görə ÜDM-in 1-2 %-i həcmində olmalıdır. Bu nəzəriyyəyə əsasən, Azərbaycanda bu gün lizinq bazarının həcmi 1-1,5 milyard ABŞ dolları civarında olmalıdır".
Ceyhun Nağıyev hesab edir ki, qeyd olunan məsələlər nəzərə alınmayana qədər ölkədə lizinq bazarında ciddi canlanma ola biləcəyi mümkün deyil.