Azərbaycanda kriptovalyuta gəlirlərini monetizasiya etmək mümkündürmü?

Azərbaycanda kriptovalyuta gəlirlərini monetizasiya etmək mümkündürmü? Kriptovalyuta bazarına investisiya qoyanda məbləğin 20 %-ni, çıxaranda 5 %-ni komissiya kimi sizdən tutacaqlar
Maliyyə
20 Avqust , 2021 17:57
Azərbaycanda kriptovalyuta gəlirlərini monetizasiya etmək mümkündürmü?

Kriptovalyuta bazarının kapitallaşması 2 trilyon ABŞ dollarını keçib. İlk kriptovalyuta olan “Bitkoin” son sutkada 6,32 % bahalaşıb. İlk onluqda qərarlaşan “Solana” altkoini son 7 gündə 62 %, bu ilin əvvəlindən 19 avqusta olan vəziyyətə isə 40 dəfə bahalaşıb. Milyarder İlon Mask tərəfindən aktiv şəkildə dəstəklənən “Dogecoin”in dəyəri ilin əvvəlindən 56 dəfə artıb. Daha çox gəlir əldə etmək istəyi bütün dünya üzrə insanları kriptovalyutalara ticarət və yatırım vasitəsi kimi baxmağa sövq edir. Bəs Azərbaycanda kriptovalyutalara maraq varmı?

Bu barədə açıqlama verən kriptovalyutalar üzrə ekspert Elnur Quliyev bildirib ki, 2017-ci ilin aprel ayının 1-dən sonra Azərbaycan kriptovalyutalara maraq kəskin şəkildə artdı.

“Həmin vaxt Yaponiya ”Bitkoin”i ölkədə ödəniş vasitəsi kimi qəbul etdi. Bu, bazara güclü impuls verdi. Azərbaycanda kriptovalyuta alanların sayında kəskin artım baş verdi. Bu ilin aprelində əsas kriptovalyuta olan “Bitkoin”in qiymətinin 63 min ABŞ dolları keçməsi isə rəqəmsal aktivlər üçün əla piar oldu. Kriptovalyutalar haqda heç zaman eşitməyənlər, bu sahədə hər hansı bilikləri olmayanlar belə investiya etməyə başladı. Ümumiyyətlə ölkəmizdə 18-25 yaş arasında olan kriptoinvestorların əsas hissəsi treydinqlə məşğuldur. Onlar ilkin olaraq bazara ortala 500 ABŞ dolları ilə girirlər. Böyük investisiya edənlər isə 26-35 yaş arasında olanlardır. Bu kateqoriyadan olanların belə investisiya vərdişləri getdikcə dəyişməyə başlayır. Belə ki, artıq bu investorlar kriptovalyutaların məzənnəsində olan vollatilliyi monetizasiya etməyə başlayıblar. Nəticədə kriptovalyutanın alqı-satqısı arasındakı müddət adətən 2 ayı keçmir”.

Ekspert diqqətə çatdırıb ki, investorlar yatırım edən anda cəmi məbləğin 1/5-i həcmində onlardan komissiya tutulacağına hazır olmalıdırlar.

“Komissiya tutumları investorları bütün mərhələlərdə gözləyir. Belə ki, hesab açdığınız birjada kriptovalyuta almaq üçün dollar kartından məxaric etdiyiniz zaman yerli bank sizdən 10-18 % həcmində komissiya ödəyəcəksiniz. Birjanın daxilində əməliyyatlar zamanı da komissiya tutulur. Birjadan aldığınız kriptovalyutanı elektron cüzdanınıza çıxaran zaman yenə komissiya tutulacaq. Kriptovalyutanı monetizasiya etmək istəsəniz, elektron cüzdanda onu istədiyiniz valyutaya konvertasiya edərkən, həmin məbləği bank kartına köçürərkən və nəhayət bankomatdan nağdlaşdırarkən də komissiya ödəməli olacaqsınız. Ümumiləşdirmiş olsaq, investisiya qoyanda məbləğin 20 %-ni, çıxaranda 5 %-ni komissiya kimi sizdən tutacaqlar.

Digər tərəfdən milli qanunvericiliyə görə qazancın 14 %-i həcmində vergi də ödəməlisiniz. Bunun üçün VÖEN açılmalı və vergi orqanında gəlirlər bəyan edilməlidir. Lakin bu proses kriptovalyutalar sahəsində tənzimlənmə mexanizminin olmamasından dolayı könüllük prinsipi daşıyır. Ona görə də buna nə dərəcədə əməl olunması böyük sual doğurur", - Elnur Quliyev bildirir.

Onun fikrincə, ümumiyyətlə bizdə rəqəmsal aktivlərin hüquqi statusu yoxdur: "Bu sahədə qanunvericilik səviyyəsində tənzimlənməsinin olmamasından ən çox itirən tərəf isə elə dövlətin özüdür. Belə ki, kriptovalyuta bazarının tənzimlənməsi ilk növbədə statistikanın formalaşmasını təmin edəcək. Bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin sayı müəyyən olacaq. Leqal dövriyyə ortaya çıxacaq və vergiyə cəlbetmə mexanizmi rellaşdırıla biləcək. Bu gün məhz sonuncunu məlum səbəblərdən etmək mümkün deyil. Bu gün Azərbaycanda ev şəraitində qurulan mayninq fermaları leqallaşaraq vergi ödəməyə meyillidirlər. Bununla bağlı vergi orqanlarına müraciətlər də var. Lakin qanunverici bazanın yoxluğundan dolayı bunu etmək mümkün olur. Ona görə də, dövlətin tezliklə bu sahəni tənzimlənmə altına alması bütün tərəflərin marağına qulluğ edən bir zərurətdir”.

Son xəbərlər

Orphus sistemi