Bütün dünyada olduğu kimi, Azərbaycanda da kredit götürmək, bu yolla nə isə almaq, evi təmir etdirmək, biznes qurmaq insanların həyat tərzinə çevrilib.
Ölkədə fəaliyyət göstərən 26 bank və 56 bank olmayan kredit təşkilatı, hətta lizinq şirkətləri insanlara hissə-hissə ödəmək şərti ilə faiz borcu təklif edir.
Bəs Azərbaycanda kredit götürmək mədəniyyəti varmı? İnsanlar daha çox nə üçün borc alırlar, borclanan zaman onu necə qaytaracaqları barədə dərindən düşünürlərmi? "Report" bank məsələləri üzrə ekspertlərlə bu mövzunu araşdırmağa çalışıb.
"Qonşudan geri qalma" psinsipi ilə yaşayanlar
Azərbaycan banklarından birində işləyən Tural Əliyev deyir ki, Azərbaycanda insanlar daha çox istehlak kreditləri götürmək üçün banklara üz tuturlar. Bu da vətəndaşların daha çox “qonşudan qalma geri” prinsipi ilə yaşaması ilə bağlıdır. Bu zaman borc götürənlər onun gəlirlərinə uyğun olub-olmamasının elə də fərqinə varmırlar.
“İstehlak kreditləri 45% borclanma əmsalı ilə müəyyən edilir. Bununla yanaşı, kredit kartları və taksitli ödənişlər də bu mövzunun ana tərkib hissəsidir. Təhlükəli olan isə xarici valyutada kreditə müraciət olunmasıdır. Gələcəkdə məzənnə oynasa, gəliri manatla olan adam üçün ödəmə çətinləşir. Kredit ödənişinə təsir edən amil həm də istehlak qiymətlərinin artımıdır. Məsələn, adam 5 000 manat kredit götürüb, ayda 250 manat ödəniş edir. İstehlak mallarının qiyməti qalxanda o, evə daha çox pul xərcləyir deyə, ödəmələrdə gecikmə yaranır", - deyə müsahibim bildirir.
Ekspertin sözlərinə görə, son vaxtlar istehlak kreditləri ilə bağlı daha bir trend isə bir neçə bankda olan krediti bir bankda cəmləməkdir: “Bu, müştəriyə bir az yüngüllük versə də, əlavə müddət baxımından yük yaradır. Məsələn, A bankda – 80 manat aylıq, B bankda – 110 manat aylıq, C bankda – 50 manat aylıq ödəniş var. Başqa bir banka gedib ödənişləri cəmləyəndə ona yeni kredit təklif edilir. Amma məsələ odur ki, bir bankda 6 ayı qalıb, o birində 11 ayı. Gəldiyi bank isə müştəriyə gəlirə görə 24 aylıq kredit verir. Adam yenə 24 aylıq borclanır. Sadəcə mənəvi rahatlıq tapır ki, mənim 3 banka yox, 1 banka borcum var”.
Kredit götürüb qohumlarına verənlər
Kredit mütəxəssisi işləyən Emil Əliyev isə deyir ki, bəzən insanlar kredit götürüb qohumlarına verirlər və problemlərlə üzləşirlər. Yəni, qohum borcu qrafikə uyğun qaytarmayanda, vətəndaş onu pzü qaytarmalı olur.
"Bundan başqa, hər hansı startapı maliyyələşdirmək, həcc ziyarətinə getmək və yaxud ağır xəstəliyini müalicə etmək üçün də kredit götürənlər var. Bu kimi kreditlərdə də gecikmələr baş verir. Ümumiyyətlə isə gəlirə uyğun kredit götürmək lazımdır. Krediti götürüb səhayət etmək, bahalı telefon almaq təhlükəli addımdır. Azərbaycanda daha çox kredit təmir işləri, maşın alımaq üçün götürülür”.
Başqasına zamin duranlar
Azərbaycanda vətəndaşların banklarla yaşadığı problemlərdən biri də kiməsə zamin durmaqla bağlıdır. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, əksər insanlar kiməsə zamin duranda hansı məsuliyyətin altına girdiyinin fərqinə varmır: "Hər kəs üçün zamin durmağa dəyməz. Yalnız o adama zamin durmaq olar ki, həmin adam ödəməyə gücü çatmayanda sən onun yerinə ödəməyə hazır olasan".
Bundan başqa, onun sözlərinə görə, bəzən insanlar banklardan kredit götürə bilməyəndə fərdi sələmçilərə, lombardlara üz tuturlar: "Belə kreditlər həm bahalıdır, həm də qaytara bilməyəndə qanunsuz addımlarla rastlaşa bilərsən. Yəni bankların edə bilmədiklərini belə şəxslər edə bilərlər. Məsləhət görərdim ki, ciddi ehtiyac yoxdursa, kredit götürülməsin. İndiki dövrdə maşına, telefona görə kredit götürmək düzgün deyil. Hansısa xəstəlik varsa, ev almaq üçün və yaxud ailə qurmaq üçün kredit götürmək olar. İstənilən halda müştərilər götürdükləri krediti aylıq gəlirləri ilə uyğunlaşdırmalıdırlar".
Müştəri özü düşünsün
Azərbaycan banklarından birinin rəsmisi Pərviz Sədrəddinov isə deyir ki, bəzi kredit mütəxəssisləri müştərilərə kredit götürməklə bağlı dostyana tövsiyə edə bilər, amma məhdudiyyət qoya bilməz: “Biz deyə bilmərik, krediti götürsün, ya yox. Müştəri banka gəlir, gəlirləri yoxlanılır. Problem yoxdursa, kredit verilir. Həmin adam kreditlə nə iş görürsə, özü bilər. Pul qohuma, qardaşa verilirsə, o da bizlik deyil. Məsuliyyət ancaq borc alana və yaxud ona zamin duran şəxslərə düşür. Kredit götürən pulu təmirə, səyahətə, bahalı telefon almağa xərcləmək barədə özü düşünsün".