Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda ipoteka kağızının elektronlaşdırılması üçün “İpoteka haqqında” qanuna dəyişiklik edilir.
"Report"un verdiyi xəbərə görə, müvafiq qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.
Sənəd "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il 22 iyun tarixli fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsdi ilə hazırlanıb.
Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.