Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 112,2 % təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 %, qeyri-ərzaq məhsulları üzrə 111 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3 %, ötən ilin iyun ayına nisbətən isə 109,4 % olub.
İyulda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyunla müqayisədə 98,5 %, ötən ilin iyul ayına nisbətən isə 109,7 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, artım isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin iyul ayına nisbətən 108,8 % olub.
İyulda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyunla müqayisədə 100,1 %, ötən ilin iyul ayına nisbətən 109,6 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.