Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda rəsmi olaraq borcalanların ümumi sayı illik müqayisədə 19,3% artaraq 2014-cü il dekabrın 1-nə 2 289 861 nəfərə çatıb. "Report"un Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) istinadən verdiyi xəbərə görə, bura cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir.
Qeyd edək ki, 2013-cü ilin müvafiq dövründə illik artım 28,1% təşkil edib ki, bu da öz növbəsində rəsmi borcalanların illik artım dinmikasının getdikcə azaldığını göstərir.
Reyestrdən bildirilib ki, dekabrın 1-nə borcalanların 2 259 061 nəfərini fiziki, 10 720 nəfərini hüquqi şəxslər, 20 800 nəfərini sahibkarlıq subyektləri təşkil edib. Fiziki şəxslərin sayında illik 19,3%, hüquqi şəxslərin sayında 7,9%, sahibkarlıq subyektlərinin sayında isə 21,4% artım qeydə alınıb.
Məlumata əsasən, tam ödənilmiş kreditlər də daxil olmaqla MKR-dəki cəmi kredit məlumatlarının sayı illik 38,7% artaraq 2014-cü il dekabrın 1-nə 8 784 209-a çatıb. Bildirək ki, 2013-cü ilin müvafiq dövründə analoji illik artım 55,6% olub. Bu da kredit məlumatlarının artım dinamikasındakı azalmanı göstərir.
Qeyd edək ki, MKR fiziki və hüquqi şəxslərin məbləğlərindən asılı olmayaraq, bütün kreditləri haqqında məlumatların toplandığı elektron bazadır.